Sosial şəbəkədə təhqirə görə 6 nəfər məsuliyyətə cəlb edilibBaş Prokurorluq

Baş Prokurorluğun
Baş Prokurorluğun

Baş Prokurorluq vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Qurumdan verilən məlumata görə, müraciətdə bildirilib ki, son dövrlərdə ictimai xadimlər, vətəndaş cəmiyyətinin fəal üzvləri və müvafiq dövlət strukturları tərəfindən internet informasiya ehtiyatlarında cəmiyyətdə qəbul edilmiş birgə yaşayış qaydalarına və etik davranış standartlarına sadiqlik nümayiş etdirilməsinin vacibliyi geniş təbliğ edilməkdədir: “Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sistemli çağırışlara məhəl qoymayan, cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirən və milli-mənəvi dəyərlər sistemimizi hədəf alan müəyyən qrup şəxslər hələ də mövcuddur. İnternet informasiya məkanını dəyərsiz və əxlaq normalarına zidd paylaşımları və yayımları ilə çirkləndirən bu cür fəaliyyətlər, dövlət tərəfindən qorunan ictimaiyyətin mənəvi sağlamlığına ciddi təhdid yaradır”.

Qeyd olunub ki, xüsusilə, ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxili münasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normal ünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallar kəskin hüquqi reaksiya doğurur:

“Bu neqativ əməllərin qarşısının alınması məqsədilə qanunvericilik bazasında konkret tənzimləmə mexanizmləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda:

– ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi;

– əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi;

– insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi ciddi inzibati məsuliyyət yaradır”.

Məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən hüquqi tədbirləri çərçivəsində, sözügedən maddənin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Aparılan hüquqi icraatın nəticəsi olaraq, aidiyyəti məhkəmələr tərəfindən onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub:

“Göstərilənləri nəzərə alaraq Baş Prokurorluq vətəndaşlarımıza müraciət edərək bir daha bildirir ki, virtual məkan hüquqdan kənar və ya nəzarətsiz bir zona deyildir. Ona görə də vətəndaşlarımızı, xüsusilə sosial şəbəkə istifadəçilərini bu kimi neqativ davranışlardan uzaq durmağa, internet resurslarından istifadə zamanı etik normalara və qanunvericiliyin tələblərinə ciddi riayət etməyə səsləyirik. Unutmayın ki, hər bir kəs rəqəmsal mühitdə etdiyi çağırış və paylaşdığı məzmuna görə qanunla məsuliyyət daşıyır. Milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcək”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.