Müasir dünyada dini ayrı-seçkilik, məzhəb qarşıdurmaları və radikalizm beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradan amillər sırasındadır. Yaxın Şərqdən Avropaya qədər bir çox regionlarda dini zəmində gərginliklər cəmiyyətləri parçalayır, dövlətlərin sabitliyinə zərbə vurur.
Belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycan fərqli bir model – tolerantlıq və multikulturalizm siyasəti ilə çıxış edir. Bunun möhkəm özülü minilliklərə söykənən tarixdən güc alan Prezident İlham Əliyevin ardıcıl siyasi prioritetlərinə söykənir. Dövlət başçısı dini liderlərlə görüşündə bəyan etmişdi ki, ölkəmizdə etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.
Bu siyasət yalnız dövlət səviyyəsində qəbul edilən konsepsiya deyil, həm də cəmiyyətin müxtəlif institutları tərəfindən dəstəklənən və həyata keçirilən bir yanaşmadır. Bu prosesdə xüsusi rol oynayan qurumlardan biri isə Qafqaz Müsəlmanları İdarəsidir.
Azərbaycanın tolerantlıq modeli
Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olub. Bu torpaqlarda əsrlər boyu müsəlmanlar, xristianlar və yəhudilər birgə yaşayaraq qarşılıqlı hörmət və etimad mühiti formalaşdırıblar. Müstəqillik dövründə bu ənənə dövlət siyasətinin mühüm istiqamətinə çevrilib. Tolerantlıq və multikulturalizm prinsipləri ölkənin daxili sabitliyinin və ictimai harmoniyasının əsas dayaqlarından biri kimi qəbul edilir.
Bir çox müsəlman ölkələrində müxtəlif məzhəblər arasında gərginliklər mövcuddur və bu, bəzən ciddi siyasi və sosial qarşıdurmalara səbəb olur. Azərbaycanda isə fərqli bir model formalaşıb. Müxtəlif məzhəblərə mənsub dindarlar eyni məscidlərdə ibadət edir, dini mərasimləri birlikdə keçirirlər.
Bu harmoniyanın qorunmasında Qafqaz Müsəlmanları İdarəsinin koordinasiyaedici rolu böyükdür. Qurum dini icmalar arasında dialoqu təşviq edir, məzhəb ayrı-seçkiliyinin qarşısını almağa yönəlmiş fəaliyyət göstərir və İslamın birləşdirici mahiyyətini ön plana çıxarır.
Azərbaycan tolerantlıq modelinin əsas xüsusiyyətlərindən biri yalnız məzhəblərarası deyil, həm də dinlərarası əməkdaşlıqdır.Bu istiqamətdə QMİ müxtəlif dini konfessiyalarla sıx əlaqələr qurur, birgə tədbirlər və dialoq platformaları yaradır. Ölkədə pravoslav, katolik və yəhudi icmaları ilə münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu isə cəmiyyətdə dini harmoniyanın möhkəmlənməsinə xidmət edir.
Radikalizmə qarşı ideoloji mövqe
Qlobal miqyasda dini radikalizm və ekstremizm ciddi təhlükə mənbəyi kimi qiymətləndirilir. Bu kontekstdə QMİ ənənəvi islam dəyərlərinin təbliğini ön plana çıxarır. Qurumun fəaliyyətində dini fanatizm və ekstremizmə qarşı açıq və prinsipial mövqe diqqət çəkir. Dini maarifləndirmə tədbirləri, moizələr və ictimai çıxışlar vasitəsilə cəmiyyətə sülh, tolerantlıq və qarşılıqlı hörmət mesajları verilir.
QMİ yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də fəal rol oynayır. Şeyxülislam müxtəlif beynəlxalq forumlarda çıxış edərək Azərbaycanın tolerantlıq modelini təqdim edir, dinlərarası dialoqun inkişafına çağırışlar edir. Onun Vatikan, pravoslav və digər dini mərkəzlərlə əlaqələri də dinlərarası əməkdaşlığın genişlənməsinə xidmət edir. Bu fəaliyyət nəticəsində Azərbaycan beynəlxalq aləmdə dinlərarası dialoq platforması kimi tanınır.

Dövlət və dini institutların əməkdaşlığı
Azərbaycan modelinin mühüm xüsusiyyətlərindən biri dövlət siyasəti ilə dini institutların fəaliyyətinin uzlaşmasıdır. Bu əməkdaşlıq sayəsində dini sabitlik qorunur, radikalizmə qarşı ideoloji mübarizə aparılır, cəmiyyətdə qarşılıqlı etimad mühiti güclənir. Bu baxımdan QMİ-nin fəaliyyəti yalnız dini idarəçilik funksiyası ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın tolerantlıq modelinin mühüm dayaqlarından biri kimi çıxış edir.
Bu siyasətə dəstək verən Şeyxülislama qarşı maraqlı qüvvələr vaxtaşırı qaralama kampaniyası da aparırlar. Müxtəlif ölkələrin dini -ideoloji qruplarına bağlı olan bu qüvvələr QMİ sədrindən Azərbaycan naminə deyil, məhdud dini maraqları təmin etməyi tələb edirlər.
Qeyd edək ki, dini liderlərin fəaliyyəti təkcə dini mühitlə məhdudlaşmır. Xüsusilə geosiyasi baxımdan həssas regionlarda onların mövqeyi müxtəlif ideoloji və siyasi qrupların maraqları ilə toqquşa bilər. Azərbaycanda da tolerantlıq və dövlətçilik prinsiplərini dəstəkləyən mövqeyinə görə Allahşükür Paşazadə zaman-zaman müxtəlif təzyiq və qaralama kampaniyaları ilə üzləşir. Bu təhdidlərin bir neçə əsas səbəbi var.
Birinci səbəb Azərbaycanın dini modelinin bəzi ideoloji qruplara uyğun gəlməməsidir. Azərbaycanda dini həyat dövlətin dünyəvilik prinsipi və milli maraqlar çərçivəsində tənzimlənir. Bu modeldə din siyasi mübarizə alətinə çevrilmir və radikal ideologiyalara yer verilmir.
Lakin bəzi xarici dini-ideoloji mərkəzlər İslamın müxtəlif siyasi modellərini, məzhəbçi və ya ideoloji yönümlü yanaşmaları digər ölkələrə də ixrac etməyə çalışırlar. Allahşükür Paşazadə və onun rəhbərlik etdiyi QMİ isə milli dini idarəetmə modelini müdafiə edir. Bu mövqe bəzi radikal və ya ideoloji qrupların maraqları ilə ziddiyyət təşkil edir.
İkinci əsas səbəb məzhəb qarşıdurmasının qarşısının alınmasıdır. Dünyanın müsəlmanlar yaşayan bir sıra regionların bu amil siyasi təsir alətinə çevrilib. Müxtəlif güc mərkəzləri bu fərqlərdən istifadə edərək təsir dairələrini genişləndirməyə çalışırlar. Azərbaycan isə fərqli yanaşma tətbiq edir: burada məzhəb fərqi cəmiyyətin parçalanmasına deyil, dini müxtəlifliyin təbii elementi kimi qəbul edilir. QMİ -nin fəaliyyəti məhz bu qarşıdurmanın qarşısını almağa yönəlib. Bu isə məzhəb üzərindən təsir qurmaq istəyən qrupların planlarını zəiflədir.
QMİ xarici dini təsir cəhdlərinə qarşı kəskin mövqe sərgiləyir. Azərbaycanın dini siyasətində əsas prinsip dini institutların milli maraqlara uyğun fəaliyyət göstərməsidir.Bu baxımdan Allahşükür Paşazadə dəfələrlə bildirib ki, dini fəaliyyət siyasi və geosiyasi təsir vasitəsinə çevrilməməlidir. Məhz bu mövqe səbəbindən bəzi xarici dini mərkəzlər və onların təsiri altında olan qruplar QMİ rəhbərliyinə təzyiq göstərməyə və ya informasiya müstəvisində nüfuzuna zərbə vurmağa çalışırlar.
Allahşükür Paşazadə uzun illərdir beynəlxalq dinlərarası dialoq platformalarında iştirak edir, müxtəlif dini liderlərlə əməkdaşlıq qurur. Prezident İlham Əliyevin tolerantlıq siyasətinin ardıcıl təbliğatçısı olan QMİ sədrinin aparıcı xətti Azərbaycanı beynəlxalq miqyasda tolerantlıq və multikulturalizm nümunəsi kimi təqdim etmək olur. Bu isə bəzən regionda ideoloji təsir uğrunda rəqabət aparan qüvvələrin narazılığına səbəb olur.
Müasir dövrdə siyasi və ideoloji mübarizə yalnız siyasi platformalarda deyil, həm də media və sosial şəbəkələr üzərindən aparılır. Bu baxımdan dini liderlərə qarşı qaralama kampaniyaları da bəzən informasiya müharibəsinin elementi kimi istifadə olunur. Məqsəd isə dini institutların nüfuzunu zəiflətmək, cəmiyyətdə inamsızlıq yaratmaq, dini mühitdə parçalanma yaratmaqdır.
Ümumilikdə, Allahşükür Paşazadəyə qarşı zaman-zaman səslənən ittiham və təzyiqlərin əsas səbəbi onun rəhbərlik etdiyi QMİ-nin Azərbaycan dövlətinin tolerantlıq və dini sabitlik siyasətini dəstəkləməsidir. Bu mövqe bir tərəfdən ölkədə dini harmoniyanın qorunmasına xidmət edir, digər tərəfdən isə dini məsələlər üzərindən siyasi və ideoloji təsir göstərmək istəyən bəzi qrupların maraqları ilə ziddiyyət təşkil edir.
Nəticə etibarilə, bu təzyiqlər yalnız bir dini liderə qarşı yönəlmiş kampaniya deyil, daha geniş mənada Azərbaycanın tolerantlıq modelinə qarşı ideoloji mübarizənin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Aydın ƏLİYEV