Memarlıqda yeni yanaşmalar- "Yaşıl şəhər”standartı müzakirə olundu

Dövlət Ekoloji Ekspertiza Agentliyində (DEEA) “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər” mövzusunda ictimai dinləmə keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2026-cı il tarixli 912 nömrəli Sərəncamı ilə elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilib. Dinləməyə memarlar, şəhərsalma subyektlərinin nümayəndələri, dövlət qurumlarının mütəxəssisləri, ekoloqlar, QHT və KİV iştirak edib.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov çıxışında bildirib ki, müasir şəhərsalma siyasətində ekoloji tələblərin nəzərə alınması inkarolunmaz zərurətə çevrilib. Onun sözlərinə görə, şəhərsalma və memarlıq sahəsində qəbul olunan qərarlar gələcək nəsillər üçün sağlam və təhlükəsiz şəhər mühitinin formalaşdırılmasına xidmət etməlidir. M.Qənbərov qeyd edib ki, yaşıllıq sahələrinin qorunması, enerji səmərəliliyi və ekoloji standartların tətbiqi bu istiqamətdə əsas prioritetlərdən biridir. O vurğulayıb ki, Agentlik bu sahədə ictimai müzakirələrin və maarifləndirmə tədbirlərinin davam etdirilməsinə xüsusi önəm verir.

Tədbirdə şəhərsalma subyektlərinin ekoloji öhdəlikləri, memarların layihələndirmə mərhələsində riayət etməli olduqları normativlər – “Yaşıl şəhər” və “Yaşıl tikinti” standartlarına uyğunluğun təmin edilməsi məsələləri geniş müzakirə olunub.
Agentliyin İdarə Heyətinin sədr müavini İman Quliyev vurğulayıb ki, ərazi planlaşdırılmasında yaşıl sahələrin artırılması, yaşıllıqların qorunması, müasir tullantı idarəçiliyi sistemlərinin tətbiqi və su qənaəti tədbirləri ən mühüm məsələlərdən biridir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdirinin müavini Şahnaz Bədəlova sürətli urbanizasiya və əhali artımının şəhərlərdə ekoloji problemləri daha da aktuallaşdırmasından bəhs edib. Onun sözlərinə görə, Komitə tərəfindən baş planlarda Strateji Ekoloji Qiymətləndirmə (SEQ) layihələrinin hazırlanması şəhərlərin dayanıqlı inkişafı baxımından mühüm addımdır. Ş.Bədəlova əlavə edib ki, SEQ yanaşması hava keyfiyyəti, yaşıllıq sahələri, su ehtiyatları və iqlim riskləri kimi amillərin şəhərsalma sənədlərində nəzərə alınmasına imkan yaradır. Belə ki, Gəncə şəhərinin Baş Planı üzrə hazırlanmış SEQ layihəsi gələcəkdə digər şəhərlər üçün də nümunə rolunu oynaya bilər.

Memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev tikinti layihələrində enerji səmərəliliyi standartlarının tətbiqinin, bərpa olunan enerji mənbələrindən istifadənin və ekoloji sertifikatlı materialların seçilməsinin vacibliyini vurğulayıb. O, həmçinin dam yaşıllıqları və şaquli yaşıllıqların şəhərsalma layihələrinə inteqrasiyasının müasir memarlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Digər tərəfdən, təcrübəli memar bəzi şəhər ərazilərində binaların həddindən artıq yaxın tikilməsinin ciddi təhlükəsizlik riskləri yaratdığını bildirib. Onun sözlərinə görə, bu cür sıx tikinti yanğın zamanı yanğınsöndürmə texnikasının əraziyə operativ daxil olmasını çətinləşdirə bilər. Alim vurğulayıb ki, XXI əsr memarlığı “Şaquli şəhərsalma”, planlı və funksional inkişaf prinsiplərinə əsaslanmalıdır. Ümumilikdə qeyd olunub ki, müasir memarlıq yalnız estetik deyil, həm də təhlükəsizlik, infrastruktur və ekoloji dayanıqlılıq tələblərinə cavab verməlidir.
Əməkdar memar Ədalət Məmmədov isə qədim Azərbaycan şəhərsalma ənənələrində təbiətlə uyğunlaşma prinsiplərinin mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə İçərişəhər və Şuşada “Roza vetrov” (küləklərin istiqaməti, gücü və təkrarlanma tezliyi – külək rejimi) prinsipi nəzərə alınıb. Bu ekoloji-memarlıq prinsipinə görə, küçə və məhəllələr elə planlaşdırılıb ki, müvafiq olaraq, dənizdən və dağlardan gələn hava axınları şəhər daxilində təbii ventilyasiya yaradıb. Memar qeyd edib ki, bu yanaşma həm şəhərin ekoloji balansının qorunmasına, həm də sağlam yaşayış mühitinin formalaşmasına xidmət edib. Ə.Məmmədov vurğulayıb ki, müasir şəhərsalma praktikasında səmt küləkləri və mikroiqlim amillərinin daha ciddi nəzərə alınması dayanıqlı şəhər mühitinin formalaşdırılması üçün xüsusilə vacibdir.

Müstəqil ekoloq, “Davamlı İnkişaf Cəmiyyəti” İctimai Birliyinin sədri Fikrət Cəfərov çıxışında diqqəti Abşeron yarımadasında tikilən yeni yaşayış komplekslərində yağış sularının toplanması üçün xüsusi anbar və rezervuar sistemlərinin yaradılmasının vacibliyinə yönəldib. Onun sözlərinə görə, son intensiv yağışlar paytaxtda su idarəetməsi və infrastruktur sahəsində mövcud problemləri bir daha ortaya çıxarıb. F.Cəfərov qeyd edib ki, yağış sularının toplanaraq yaşıllıqların suvarılmasında istifadəsi həm su qənaəti, həm də ekoloji baxımdan səmərəli yanaşmadır. O vurğulayıb ki, “ağıllı su idarəetməsi” sistemlərinin tətbiqi Bakı şəhərində daha dayanıqlı və ekoloji şəhər mühitinin formalaşmasına töhfə verə bilər.

Müzakirələr zamanı Azərbaycan şəhərlərini, xüsusən Bakı və Abşeron yarımadasındakı yaşayış məntəqələrini daha sağlam, dayanıqlı və ekoloji cəhətdən tarazlı şəhər mühitinə çevirmək üçün beynəlxalq “yaşıl bina” standartlarının ölkə şəraitinə uyğunlaşdırılmasının zəruriliyi xüsusi vurğulanıb. İştirakçılar şəhərsalma qanunvericiliyinin müasirləşdirilməsi, peşəkar maarifləndirmə və normativ-hüquqi bazanın beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi istiqamətlərini prioritet kimi qiymətləndiriblər.
Dinləmənin nəticələri ümumiləşdirilərək müvafiq tövsiyə və təkliflər aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.
Qeyd edək ki, Agentlik tərəfindən “Şəhərsalma və Memarlıq İli” boyunca bu istiqamətdə ictimai müzakirə və maarifləndirmə fəaliyyətləri davam etdiriləcək.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.