İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur

Bu ilin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.

O həmçinin bildirib ki, bu gün həyata keçirilən bütün yenidənqurma və inkişaf işlərinin arxasında Kəlbəcərin uzun illər ərzində məruz qaldığı ağır dağıntılar, vandalizm və ekoloji terror dayanır:

“İşğal dövründə rayonun yaşayış məntəqələri tamamilə dağıdılıb, sosial infrastruktur məhv edilib və insanların illərlə qurduğu yaşayış mühiti viran qoyulub. Tarixi və mədəni irsimizə qarşı vandalizm aktları törədilib. Tarixi abidələr, qəbiristanlıqlar və mədəni irs nümunələri ciddi dağıntılara məruz qalıb. Eyni zamanda Kəlbəcərin zəngin təbii sərvətləri və ekoloji mühiti amansız şəkildə istismar olunub. Meşələr məhv edilib, təbii sərvətlər talan olunub, su ehtiyatlarına və biomüxtəlifliyə ciddi ziyan vurulub. Rayonun iqtisadi potensialı, turizm imkanları və illərlə formalaşmış sosial infrastrukturu darmadağın edilib. İnsanlar isə doğma yurdlarından məcburi şəkildə didərgin salınıblar. Bu səbəbdən bu gün Kəlbəcərdə həyata keçirilən layihələr təkcə tikinti və yenidənqurma prosesi deyil, həm də tarixi ədalətin bərpasını və həyatın yenidən doğma torpaqlara qaytarılmasını ifadə edir. 44 günlük Vətən müharibəsindən və torpaqlarımızın azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidentinin tapşırıqları əsasında genişmiqyaslı və məqsədyönlü bərpa və inkişaf işləri həyata keçirilir. Bu layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli dirçəlişini dəstəkləyir, əhalinin dayanıqlı məskunlaşmasını təmin edir, davamlı iqtisadi fəaliyyəti qoruyur və bu ərazilərin yüksək inkişaf etmiş bölgələrə çevrilməsi üçün möhkəm zəmin yaradır. Eyni zamanda həyata keçirilən proseslər işğal dövründə ərazilərimizdə törədilən dağıntıların, vandalizm aktlarının, ekoloji mühitə və mədəni irsə vurulan zərərlərin aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.