Süni intellekt ölüləri “dirildir” –– Gələcəyin ən qorxulu texnologiyası / Grief Tech

Süni intellekt
Süni intellekt

İnsanlıq tarixi boyu dəyişməyən tək bir mütləq həqiqət var: ölüm. Fironlardan tutmuş müasir biohaqerlərə qədər hər kəs qocalığı gecikdirməyin və ya ölümə qalib gəlməyin yollarını axtarıb.

Lakin XXI əsrin texnoloji sıçrayışı, xüsusilə süni zəkanın (Sİ) ağlasığmaz inkişafı bu axtarışı tamamilə fərqli bir müstəviyə daşıdı. İndi söhbət bioloji ölümsüzlükdən yox, “rəqəmsal ölümsüzlükdən” gedir.

Azpost.info bildirir ki, yaxın gələcəyin deyil, artıq bu günün reallığına çevrilməkdə olan bu fenomen, bəşəriyyəti tarixin ən böyük etik və mənəvi dilemması ilə üz-üzə qoyur.

“Kədər texnologiyası” və rəqəmsal klonlar

Son illərdə Silikon Vadisində yeni bir sahə sürətlə populyarlaşır: Grief Tech (Kədər texnologiyası). Bu texnologiyanın məqsədi dünyasını dəyişmiş insanların rəqəmsal surətini, yəni “klonunu” yaratmaqdır.

Proses kifayət qədər bəsit, həm də qorxuludur: İnsanın sağlığında yazdığı mesajlar, sosial şəbəkə statusları, səs yazıları, videoları və fotoları süni zəka modelinə yüklənir. Sİ həmin şəxsin düşüncə tərzini, tez-tez istifadə etdiyi ifadələri, yumor hissini və reaksiya modellərini öyrənir. Nəticədə, insan vəfat etdikdən sonra da onunla “danışmaq”, mesajlaşmaq və ya videozəng vasitəsilə ünsiyyət qurmaq mümkün olur.

Dünyada artıq yüz minlərlə insan “Replika” və ya “HereAfter AI” kimi platformalar vasitəsilə itirdikləri yaxınlarının rəqəmsal xəyalətləri ilə hər gün söhbət edirlər. Bu böyük sual yaradır. Sevdiyimiz birini itirdikdən sonra onun süni zəka versiyası ilə danışmaq kədərimizi azaldır, yoxsa bizi real dünyadan qoparıb bitmək bilməyən bir illüziyaya məhkum edir?

Psixoloji tələ

Psixoloqlar və sosioloqlar bu trendin sürətlə yayılmasından ciddi narahatdırlar. İnsan psixologiyası itki ilə barışmaq, kədəri yaşamaq və sonda qəbul etmək (yas prosesi) üzərində qurulub. Ölümün mütləqliyini qəbul etdikdən sonra insan həyata davam edə bilir.

Rəqəmsal ölümsüzlük isə bu təbii prosesi pozur. Dünyasını dəyişmiş anasından hər səhər “Necəsən, balam?” mesajı alan və ya vəfat etmiş dostunun səsi ilə telefonda zarafatlaşan şəxs əslində heç vaxt o itki ilə barışmır. Bu, psixoloji olaraq insanı keçmişə zəncirləyir və “saxta bir hüzur” yaradır.

 Etik və hüquqi xaos: Ölülərin hüquqlarını kim qoruyacaq?

Məsələnin digər tərəfi isə hüquqi və etik tərəfidir. Bu gün rəqəmsal ölümsüzlük sənayesi tam bir hüquqi boşluq içindədir. Burada “razılıq faktoru” əsas detaldır. Dünyasını dəyişən şəxs sağlığında öz şəxsi məlumatlarının onun “ölümündən sonrakı klonunun” yaradılması üçün istifadəsinə icazə veribmi?

Həmçinin məlumatların manipulyasiyası baş verə bilər. Məsələn, süni zəka şirkətləri gələcəkdə həmin rəqəmsal klonların dilindən hər hansı bir məhsulu reklam edə bilərmi? Məsələn, rəhmətə getmiş babanızın rəqəmsal avatarnın sizə “mən sağlığımda bu markanın qəhvəsini içirdim, sən də dad” deməsi nə dərəcədə etikdir?

Həmin rəqəmsal ruhun mülkiyyəti kimə məxsusdur – ailəsinə, yoxsa texnologiyanı yaradan server sahiblərinə? Şirkət müflis olarsa, “insanın rəqəmsal varlığı” birdəfəlik silinəcəkmi?

Ruhun son sığınacağı

Texnologiya bizə fiziki itkilərin ağrısını rəqəmsal kodlarla ovutmağı təklif edir. Lakin unutmaq olmaz ki, insanı insan edən onun əvəzolunmazlığı və həyatın sonlu olmasıdır. Ölümün olmadığı bir yerdə həyatın da mənası və dəyəri itir.

Süni zəka bizə keçmişin mükəmməl bir əks-sədası verə bilər, amma heç vaxt yeni bir gələcək və ya real insan istiliyi bəxş edə bilməz. Rəqəmsal ölümsüzlük, bəlkə də, insanlığın tənhalıqdan qaçmaq üçün sığındığı ən böyük və en təhlükəli mağaradır.

 Sunay Aydın

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.