Son illərdə dünyada baş verən qlobal iqlim dəyişiklikləri yalnız hava şəraitində fərqliliklərlə müşahidə olunmur. Temperaturun yüksəlməsi, yağıntıların qeyri-bərabər paylanması, quraqlıq sahələrinin genişlənməsi və ekosistemdə baş verən dəyişikliklər artıq insan həyatının bütün sahələrinə təsir göstərməyə başlayıb.
Ən ciddi problemlərdən biri isə içməli su ehtiyatlarının azalmasıdır. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə su problemi dünya ölkələrinin qarşılaşacağı ən böyük təhlükələrdən birinə çevrilə bilər.
Hazırda beynəlxalq təşkilatların və ekoloqların diqqət mərkəzində olan əsas məsələlərdən biri məhz şirin su ehtiyatlarının qorunmasıdır. Çünki Yer kürəsində su ehtiyatları çox olsa da, insanların istifadə edə bildiyi içməli su mənbələri məhduddur və bu ehtiyatların azalması artıq bir çox regionlarda ciddi narahatlıq yaradır.
Dünyada su çox olsa da niyə çatışmazlıq yaranır?
Yer səthinin böyük hissəsi su ilə örtülüb. Okeanlar, dənizlər və digər su hövzələri planetin əsas hissəsini təşkil edir. Buna baxmayaraq, milyonlarla insan içməli su qıtlığından əziyyət çəkir. Bu ziddiyyətli vəziyyət bir çox insanlarda haqlı olaraq sual yaradır: əgər dünyanın böyük hissəsi sudursa, niyə təmiz su çatmır?
Ekspertlərin fikrincə, bunun əsas səbəbi Yer üzərindəki su ehtiyatlarının böyük hissəsinin duzlu olmasıdır. İnsanların gündəlik istifadə edə biləcəyi şirin su ehtiyatları isə olduqca azdır. Mövcud şirin su mənbələrinin də əhəmiyyətli hissəsi buzlaqlarda və yeraltı qatlarda yerləşir. Çaylar, göllər və bulaqlar isə insanların istifadə etdiyi əsas su mənbələri hesab olunur.
Məhz bu ehtiyatların azalması dünyada su problemini daha da aktuallaşdırır. Son illərdə bir çox çaylarda sululuq səviyyəsinin aşağı düşməsi, göllərin quruması və yeraltı su ehtiyatlarının azalması artıq qlobal problem kimi qiymətləndirilir.
İqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri
Mütəxəssislər bildirirlər ki, qlobal istiləşmə və temperatur artımı ekosistemin bütün elementlərinə təsir göstərir. İqlim dəyişiklikləri nəticəsində fəsillər arasında keçid dövrləri əvvəlki sabitliyini itirir. Yaz və payız mövsümlərinin qısalması, qış aylarının normadan isti keçməsi və yay mövsümündə ekstremal istilərin müşahidə olunması təbii su dövranında ciddi dəyişikliklər yaradır.
Dağlıq ərazilərdə temperaturun yüksəlməsi buzlaqların daha sürətlə əriməsinə səbəb olur. İlk mərhələdə bu proses çaylarda suyun səviyyəsinin artmasına gətirib çıxarır. Lakin mütəxəssislər qeyd edirlər ki, bu müvəqqəti xarakter daşıyır. Çünki buzlaqlar təbii su anbarı rolunu oynayır və onların əriməsi gələcəkdə çayların qidalanma mənbələrinin azalmasına səbəb olur.
Nəticədə yaz aylarında sel və daşqın təhlükəsi artsa da, yay mövsümündə su ehtiyatları kəskin şəkildə azalır. Bu isə bir sıra bölgələrdə içməli su çatışmazlığı və kənd təsərrüfatında problemlər yaradır.
Sel və daşqınların yaratdığı təhlükələr
Anomal istilər nəticəsində buzlaqların sürətlə əriməsi bəzi regionlarda güclü sel və daşqınlarla müşahidə olunur. Çayların məcrasından çıxması yaşayış məntəqələrinə, kənd təsərrüfatına və infrastruktur obyektlərinə ciddi ziyan vurur.
Ekspertlər bildirirlər ki, son illərdə dünyanın müxtəlif ölkələrində müşahidə olunan daşqınlar iqlim dəyişikliklərinin birbaşa nəticəsidir. Güclü yağışların qısa müddətdə yağması torpağın suyu qəbul etmə imkanını azaldır və bu da sel riskini artırır.
Lakin əsas təhlükə ondan ibarətdir ki, daşqınlardan sonra yaranan quraqlıq su ehtiyatlarının sürətlə azalmasına gətirib çıxarır. Bu vəziyyət xüsusilə kənd təsərrüfatından asılı olan ölkələr üçün ciddi problem yaradır.
Əhali artımı və urbanizasiya problemi
İçməli su ehtiyatlarının azalmasının əsas səbəblərindən biri də dünya əhalisinin sürətlə artmasıdır. Hazırda Yer kürəsində əhalinin sayı 8 milyarda yaxınlaşır. Əhalinin çoxalması isə suya olan tələbatı artırır.
Ekspertlərin fikrincə, urbanizasiya prosesinin sürətlənməsi də vəziyyəti çətinləşdirir. İnsanların kənd yerlərindən böyük şəhərlərə köçməsi nəticəsində şəhərlərdə su təminatına düşən yük artır. Böyük yaşayış məntəqələrində su ehtiyatlarının bölüşdürülməsi və infrastrukturun yenilənməsi ciddi problemə çevrilir.
Bir çox ölkələrdə artıq yay aylarında su qıtlığı səbəbindən məhdudiyyətlərin tətbiq olunması halları müşahidə edilir. Mütəxəssislər hesab edirlər ki, gələcək illərdə su təminatı ilə bağlı problemlər daha geniş miqyas ala bilər.
Qafqaz regionunda gözlənilən risklər
Ekspertlər yaxın illərdə Şərqi Avropa və Qafqaz regionunda da içməli su ilə bağlı problemlərin yarana biləcəyini bildirirlər. İqlim dəyişikliklərinin təsiri nəticəsində region ölkələrində çaylarda suyun azalması və quraqlıq hallarının artması proqnozlaşdırılır.
Azərbaycan da bu risklərlə üzləşə biləcək ölkələr sırasında göstərilir. Baxmayaraq ki, ölkə ərazisində çoxsaylı şirin su mənbələri mövcuddur, son illərdə bəzi bölgələrdə su ehtiyatlarının azalması müşahidə olunur.
Qarabağda ekoloji problemlər və su mənbələri
İşğal dövründə Azərbaycanın bəzi ərazilərində ekoloji problemlər daha da dərinləşmişdi. Qarabağ bölgəsində yerləşən bəzi su hövzələrinin və çayların çirkləndirilməsi ciddi ekoloji təhlükə yaratmışdı.
Bu baxımdan Oxçuçay xüsusi diqqət çəkən nümunələrdən biridir. Mütəxəssislər bildirirlər ki, həmin çayın müxtəlif tullantılarla çirkləndirilməsi uzun müddət regionun ekosisteminə mənfi təsir göstərib.
Azərbaycan öz ərazilərini azad etdikdən sonra bölgədə ekoloji tarazlığın bərpası istiqamətində bir sıra addımlar atılıb. Yaşıllaşdırma layihələri həyata keçirilib, çirklənmiş su mənbələrinin monitorinqinə başlanılıb və təmizləmə tədbirləri görülüb. Lakin ekosistemin tam bərpası uzun müddət tələb edən proses hesab olunur.
Alternativ həll yolları
Mütəxəssislər hesab edirlər ki, gələcəkdə su probleminin qarşısını almaq üçün alternativ mənbələrdən istifadə genişləndirilməlidir. Hazırda bir çox ölkələrdə artezian quyularının qazılması, yağış sularının toplanması və dəniz suyunun duzsuzlaşdırılması layihələri həyata keçirilir.
Xüsusilə su ehtiyatları məhdud olan ölkələrdə dəniz suyunun emalı geniş tətbiq olunur. Müasir texnologiyalar vasitəsilə duzlu su təmizlənərək içməli və texniki məqsədlər üçün istifadə edilir.
Bəzi dövlətlərdə isə tullantı və kommunal suların təkrar emalı sistemi qurulub. Emal edilmiş sular kənd təsərrüfatında və sənayedə texniki su kimi istifadə olunur. Bu üsullar mövcud su ehtiyatlarına düşən yükün azaldılması baxımından mühüm hesab edilir.
“Su varsa həyat da var” reallığı
Azərbaycan xalqının qədimdən suya xüsusi münasibət bəsləməsi təsadüfi deyil. Atalarımızın “Su varsa həyat da var” ifadəsi bu gün daha böyük məna kəsb edir. Çünki içməli su ehtiyatlarının azalması artıq bir çox ölkələrdə insanların həyat səviyyəsinə və sağlamlığına birbaşa təsir göstərir.
Təmiz suya çıxışın məhdud olduğu regionlarda yoxsulluq, xəstəliklər və sosial problemlər daha sürətlə artır. Buna görə də su ehtiyatlarının qorunması yalnız ekoloji məsələ deyil, həm də strateji və humanitar məsələ hesab olunur.
Gələcəkdə bizi nə gözləyir?
Ekspertlər xəbərdarlıq edirlər ki, iqlim dəyişiklikləri indiki templə davam edərsə, gələcəkdə dünya ciddi su böhranı ilə üzləşə bilər. Temperaturun hər il artması, buzlaqların əriməsi və quraqlığın genişlənməsi su ehtiyatlarının daha da azalmasına gətirib çıxaracaq.
Bu vəziyyət kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsinə, ərzaq qıtlığına və qiymət artımına səbəb ola bilər. Eyni zamanda bəzi ölkələrdə iqtisadi böhran və sosial gərginlik riskləri də yüksələ bilər.
Mütəxəssislər hesab edirlər ki, problemin qarşısını almaq üçün dövlətlər arasında əməkdaşlıq gücləndirilməli, su ehtiyatlarından səmərəli istifadə olunmalı və ətraf mühitin qorunmasına daha ciddi yanaşılmalıdır. Çünki su problemi artıq uzaq gələcəyin deyil, bu günün reallığına çevrilməkdədir.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclər arasında sudan qənaətlə istifadənin təşviqi” layihəsi çərçivəsində hazırlanıb.
Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.