Ankara qlobal geosiyasətin mərkəzində- NATO sammiti hansı mesajları verəcək? /TƏHLİL

Bu gün, 7 iyul tarixində Türkiyənin paytaxtı Ankara rəsmi olaraq qlobal təhlükəsizlik arxitekturasının ürəyinə çevrilir.

NATO-ya üzv olan 32 ölkənin dövlət və hökumət başçıları, tərəfdaş ölkələrin rəhbərləri, o cümlədən ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Mark Rutte Beştepe Prezident Kompleksində bir araya gəlir.

Bu sammit sıradan bir hərbi-siyasi görüş deyil. Ankara Zirvəsi Transatlantik məkanda ciddi daxili fikir ayrılıqlarının, hərbi büdcə təzyiqlərinin və Yaxın Şərqlə Şərqi Avropadakı aktiv müharibələrin kölgəsində keçirilir.

Azpost.info Ankara sammitinin pərdəarxasına,  perspektivinə və Türkiyə üçün əhəmiyyəti barədə təhlili  edir.

Masadakı geopolitik böhranlar: Transatlantik gərginlik

Sammitin ən böyük gərginlik nöqtəsi ABŞ-ın yeni rəhbərliyi ilə Avropa müttəfiqləri arasındakı “müdafiə xərcləri” davasıdır. Ağ Ev rəhbəri Donald Tramp Avropa ölkələrinin öz təhlükəsizlikləri üçün kifayət qədər pul xərcləmədiyini iddia edərək təzyiqləri artırıb. Əsas müzakirə mövzusu Avropa müttəfiqlərinin 2035-ci ilə qədər hərbi büdcələrini ÜDM-in (Ümumi Daxili Məhsul) 5%-nə çatdırması tələbidir. ABŞ-ın Avropadakı hərbi kontingentini azaltmaq hədəsi fonunda bu şərt Avropa paytaxtlarında ciddi narahatlıq yaradır.

Sammitdə regional təhlükəsizlik kontekstində İran ətrafındakı gərginlik və Hörmüz boğazında naviqasiya azadlığının qorunması məsələsi də liderlərin şam yeməyində əsas debatlardan biri olacaq.

Ukrayna savaşına təsir: 70 milyard avroluq paket

Ankara sammitində 4 ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsinin gedişatına birbaşa təsir edəcək qərarlar gözlənilir.

Dövriyyədə olan bəyannamə layihələrinə əsasən, NATO müttəfiqləri Ukrayna üçün 2026-cı il üçün 70 milyard avro dəyərində hərbi texnika, təlim və yardım paketi öhdəliyi götürməyə hazırlaşırlar. Lakin burada çox kritik bir detal var: Bu maliyyənin demək olar ki, hamısı Avropa İttifaqı fondları və ikitərəfli müqavilələr hesabına təmin olunacaq, ABŞ-ın isə bu paketə birbaşa maliyyə töhfəsi verməsi gözlənilmir. Bu qərar müharibənin yükünün rəsmən Avropanın çiyinlərinə keçməsi mənasına gəlir.

Türkiyə üçün sammitin əhəmiyyəti 

Ankara bu sammitə sadəcə ev sahibi kimi qatılmır. Türkiyə regional güc və ittifaqın ən strateji aktyoru kimi öz şərtlərini masaya qoyur. Prezident Ərdoğanın bu sammitdə 4 əsas hədəfi var:

Müdafiə sənayesi vitrini: Türkiyə yerli və milli hərbi istehsal potensialını (PUA-lar, zirehli texnika, raket sistemləri) müttəfiqlərə nümayiş etdirir və sammit çərçivəsində milyardlarla dollarlıq yeni hərbi müqavilələrin imzalanması gözlənilir.

Sanksiyaların ləğvi tələbi: Ərdoğan Tramp administrasiyasından Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyalarının tamamilə ləğvini və F-35 qırıcı proqramına daxilolma hüququnun bərpasını tələb edəcək.

Embarqoların götürülməsi: İttifaq daxilində (məsələn, Fransa və İtaliya ilə) müdafiə ticarətində olan gizli və açıq məhdudiyyətlərin tamamilə aradan qaldırılması tələb olunur.

Terrorla mübarizə: Türkiyə sərhədlərindəki təhlükəsizlik qayğılarının (PKK/YPG ilə mübarizə) NATO-nun yekun bəyannaməsində daha kəskin şəkildə ifadə edilməsinə çalışacaq.

Məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ev sahibliyi etdiyi NATO sammitinə dəvət olunub. Ankarada, Beştepe Prezident Kompleksində keçirilən bu mühüm beynəlxalq tədbirə İlham Əliyev alyansa üzv ölkə rəhbəri kimi deyil,  Ərdoğanın şəxsi təşəbbüsü və dəvəti ilə bu zirvə görüşünə xüsusi dəvət alan blokdankənar strateji tərəfdaş kimi iştirakı gözlənilir. İlham Əliyevin bu tədbirdə iştirakı, regional təhlükəsizlik məsələlərinin, o cümlədən Cənubi Qafqazdakı sabitliyin və Azərbaycan-NATO əməkdaşlığının müzakirəsi baxımından böyük önəm daşıyacaq. Bununla yanaşı, sammit çərçivəsində rəsmi Bakının digər tərəfdaş dövlətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilməsi gözlənilir.

2026 Ankara Sammiti NATO-nun “bölünmüş, lakin məcburən bir arada qalan” daxili strukturunu sınağa çəkir. ABŞ-ın qlobal öhdəliklərdən qismən geri çəkilmək istəyi Avropanı öz ordusunu qurmağa vadar edir. Belə bir vəziyyətdə həm Qərblə, həm də Rusiya və regional güclərlə balanslaşdırılmış siyasət aparan Türkiyə ittifaqın ən vazkeçilməz “kilid daşına” çevrilir. Ankara görüşündən çıxacaq qərarlar yaxın 10 ilin hərbi xəritəsini cızacaq.

“Analitik” Təhlil Mərkəzi

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.