İlmə-ilmə, naxış-naxış
Ömrüm başdan-başa yoldu.
Yaşandıqca səf bağlamış
Günlər yaşdan-yaşa yoldu.
Arif Fərzəli yaradıcılığındandı bu sətirlər. 70 yaşını doğulduğu, böyüdüyü, yaşadığı dogma kəndində – Masallının qədim Xırmandalı kəndində qarşılayan istedadlı söz, düşüncə adamı Arif Fərzəli poeziyasından.
…Yollar insan həyatının başlanğıcıdı, döngələridi, əyri-düz yoxuşlarıdı, yenilənməsidi, uğurlanmasıdı, istəməsək də belə əzablarıdı, iztirablarıdı, sonuclarıdı. Amma bizdən asılı olan və ya olmayan səbəblərdən mütləq gedilməlidi yollar. Başdan-başa yol olan ömür karvanı dolanbaclarda belə insan həyatında yaxşı-pis cığırlar aça-aça mütləq öz izini qoyur. Arif müəllimdən əvvəl – hələ ulu babalarımızdan miras qalan məşhur “yolçu yolda gərək…” ifadəsi də görünür elə bu zəmində yaranıb. Əlbəttə ki, hər dövrün özünəməxsus axtarışları kontekstində. Yaxşı yol…yaxşı yol təkcə məsafələri birləşdirən trayektoriya deyil, daha çox hərəkət, bünövrə, təməl, ən başlıcası isə mədəniyyət daşıyıcısıdır. Arif Fərzəli də elə bu yolun izi ilə gedə biləndə, Azərbaycanımızın mədəni dəyərlərinin boxçasına nəsə yığa biləndə özünü xoşbəxt sayır.
Harda təbim, orda sevgim,
Məni qoymaz darda sevgim.
Xalqa sevgim, yurda sevgim
Taleyimdə qoşa yoldu.
Və böyük arzularına qovuşub dərindən nəfəs ala biləndə isə daşıdığı şairlik sənətinin onu göylərə ucaltdığı məqamda ŞƏHİDLİK ZİRVƏSİ ilə birləşən YOLUNUN sonucunun yaşatdığı fəxarət hisslərindən zövq alır.
Arif, dərdə olma yedək,
O səni yox, sən onu çək.
Şairlik də şəhidlik tək
Tarixə birbaşa yoldu…
Arif Fərzəlini elə yaradıcılığından tanıyıram. Bir az əyalətdə yaşamağı səbəbindən vaxtaşırı çap olunmaması, bir az media qurumlarına “xəsisliklə” ayaq açması, bir az da bəyənmədiyi hər şeirini, yazısını nəyin bahasına olursa-olsun “oxucunun gözünə soxanlar”dan olmaması səbəbindən. Sözümün bu məqamında şairin Azərbaycanın Vətən Müharibəsinin – şəhadəti ilə 44 günlük müqəddəs savaşımızın avanqardına çevrilən, şəhid-səngər generalımız Polad Həşimovu andığı “Ruhun ruhlar təməli” şeiri ilə bütün yazarlardan fərqli şəkildə yaratdığı tarixi gerçəkliyin nəzmlə ifadəsini, bu şəhidliyin cızdığı zaman və məkan kateqoriyalarındakı bütün komponentlərini poetik vəhdətdə ifadə etməsini sizlərin diqqətinə çatdırmaya bilmərəm, əziz oxucular! Bu kiçik poeziya nümunəsində təkcə Polad Həşimov şəxsiyyəti deyil, Polad şəhadətinin bütün türk dünyasına bəxş etdiyi işıq, ulu Dədə Qorquddan gələn tonqal sayağı özünün ən önəmli zirvəsində xatırlanılır. Bax, budur vətənpərvərlik və müasir klassikanın çulğalaşdırdığı əlçatmaz zirvə! Bəxtiyar Vahabzadə yolu, Musa Yaqub yolu, Məmməd Araz yolu, Sabir Rüstəmxanlı yolu, Arif Fərzəli yolu!
Uca dağ başında qalanmış
gur tonqala döndü,
Oğuz elinin
hər tərəfindən göründü
şəhidliyin.
Bu ulu çağırış
hamımızı silkələdi,
köklədi
əsir düşmüş
yurd yerlərimizin xilasına,
düşməni qovub,
üçrəngli bayrağımızı
sancdıq Şuşa qalasına.
Ruhun ruhlar təməli –
ruhunla sən də vardın
sıramızda o gün,
neçə-neçə şəhidin
döş cibindən çıxdı
qana bələnmiş şəklin…
Oğuz elinin
hər tərəfindən göründü,
hər tərəfində
dastana döndü
şəhidliyin…
Ömrün 70-ci baharını haqlamış Arif Fərzəli yaradıcılığında vətənpərvərlik də var, təbiət lövhələrinin təsvirləri də, milli-mənəvi yaddaşımıza ekskurslar da, gözəlliyin tərənnümü də, şair narahatçılığı ilə həyatımızın sosial qayğıları da, dəyərlərimizin, adət-ənələrimizin yaşadılmasına ünvanlı yaddaş xəritəsi də. Arif Fərzəli dünənin, bu günün və sabahlarımızın şairidir.
Sağ olsun, təbiət unutmur bizi,
Hərdənbir gizlədir eyibimizi.
Bir bax, örtülübdü hər şeyin üzü,
Guya nə dərd qalıb, nə günah qalıb.
O yetim görəsən daxma tikdimi?
Bu sağır şum vurub, taxıl əkdimi?
Havada uçuşan kəpənəkdimi,
Bəs belə soyuqda necə sağ qalıb?..
Qar yağır – bu səssiz nəğmə nə həzin!..
Allah ağ gününmü verir əvəzin?
Arif, ilhamına de ki, tələssin,
Hələ həyətdə bir ağ varaq qalıb…
Arif müəllim, həyətdə və həyatda hələ çoxlu ağ vərəqlər qalıb. Siz bizim qənimət söz adamlarımızdansınız. 70 yaşın hesabatından sonra sizə xalqımız qarşısında növbəti yubileylərin hesabatlarını vermək qisməti diləyirəm. Yaşayın, yaradın, var olun! Tanrı sizi qorusun!
Nəzirməmməd Zöhrablı,
jurnalist-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü