Gürcüstana yükdaşımalarda elektron icazə sistemi tətbiq edildi-AYNA

Azərbaycan və Gürcüstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında elektron icazə (E-Permit) sisteminin tətbiqinə başlanılıb.

Bu barədə Azpost.info-ya AYNA-dan bildirilib. Bu barədə razılıq cari ilin 8–9 aprel tarixlərində Bakıda keçirilən Azərbaycan–Gürcüstan Beynəlxalq Avtomobil Əlaqələri üzrə Qarışıq Komissiyanın iclasında əldə olunub.

Razılaşmaya əsasən, hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət işçi qrupu mayın 1-dən etibarən sistemin inteqrasiyası istiqamətində texniki işlərə başlayıb və proses uğurla başa çatdırılıb.

İnteqrasiya tamamlandıqdan sonra Azərbaycan və Gürcüstan arasında elektron icazə blanklarından istifadə edilməklə ilk pilot daşımalar uğurla həyata keçirilib. Pilot mərhələsinin müsbət nəticələrinə əsasən, sistemin tam tətbiqinə start verilib.

İlkin mərhələdə tərəflər arasında 1000 ədəd ikitərəfli, 1000 ədəd tranzit1000 ədəd üçüncü ölkə üzrə elektron icazə blankı mübadilə olunub. Hazırda həmin elektron icazələrin daşıyıcılara təqdim edilməsinə başlanılıb.

Beləliklə, Gürcüstan Azərbaycanın elektron icazə (E-Permit) sistemini tətbiq etdiyi beşinci ölkə olub. Bundan əvvəl sistem Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan ilə beynəlxalq yükdaşımalarında uğurla tətbiq edilirdi.

Daşıyıcılar elektron icazələri e-xidmet.ayna.gov.az portalı vasitəsilə olduqları yeri tərk etmədən, sutkanın 24 saatı, həftənin 7 günü tam avtomatik rejimdə əldə edə bilərlər.

Yeni sistem daşıyıcılara icazə blanklarını məsafədən və operativ şəkildə almaq imkanı yaradır, eyni zamanda inzibati prosedurları sadələşdirir, kağız sənəd dövriyyəsini azaldır və beynəlxalq yükdaşımalarında rəqəmsallaşmanın genişləndirilməsinə töhfə verir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.