QHT Səfəvi tarixinə dair italyan dilində olan mənbənin tərcümə edir

“Elm və Təhsildə İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şah İsmayıl və Şah Təhmasib venesiyalı salnaməçi Marin Sanudonun Gündəliklərində” adlı nəşrin hazırlanması layihəsinin həyata keçirilməsinə başlayıb.

Azərbaycan tarixinin orta əsrlər dövrünün mənbə materialları əsasında araşdırılması tarix elmimizin qarşısında duran aktual məsələlərdən biridir. Bu baxımdan orta əsrlər dövlətçilik tariximizin təntənəsi sayılan Azərbaycan Səfəvilər dövlətinin tarixi üzrə yerli mənbələrllə bərabər, Avropa, xüsusilə İtalyan qaynaqlarının, tərcümə edilməsi və nəşri öz aktualllığını və zəruriliyini saxlamaqdadır.

“Elm və Təhsildə İnkişaf” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyevin verdiyi məlumata görə, 3 ay (iyul-sentyabr 2026-cı il) davam edəcək layihənin məqsədi venesiyalı salnaməçi Marin Sanudonun “Gündəlikləri”nin Azərbaycan Səfəvilər dövlətinin tarixinin tədqiqi baxımından əhəmiyyəti ilə bağlı elmi ictimaiyyət arasında məlumatlılığın artırılmasıdır.

Layihə çərçivəsində Marin Sanudonun Gündəliklər” adlı əsərində Azərbaycan Səfəvilər dövlətinin tarixi ilə bağlı öz əksini tapmış materialların italyancadan Azərbaycan dilinə tərcümə edilməsi və nəşri həyata keçiriləcəkdir. Mənbənin Azərbaycan dilinə tərcüməsi ilə, bərabər, əsərə giriş yazılacaq, bəzi məlumatların aydınlaşdırılması məqsədilə izah və şərhlər veriləcəkdir.

Mənbə əsəri “Gündəliklər” adlanmasına baxmayaraq, sənədlər toplusu səciyyəsi daşıyır. Mənbədə Səfəvilər dövlətinin yaranması, I Şah İsmayılın hakimiyyəti dövrü və I Şah Təhmasibin hakimiyyətinin ilk 10 ilə bağlı hesabat xarakterli mühüm əhəmiyyət kəsb edən məlumatlar yer alıb. Əsərin mənbə kimi əhəmiyyətini artıran cəhətlərdən biri həmin əsərdə öz əksini tapmış bəzi məlumatların hadisələrin şahidlərinin hesabatları əsasında tərtib edilməsidir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.