Nəzəri fiziklər cazibə qüvvəsinə (qravitasiyaya) yeni yanaşma irəli sürüblər. Onların fikrincə, bu yanaşma kosmologiyanın ən mürəkkəb paradokslarından birini izah edə bilər: termodinamika qanunlarına görə Kainatda xaosun artmalı olmasına baxmayaraq, niyə o getdikcə daha mürəkkəb və nizamlı strukturlar formalaşdırır?
Araşdırmanın nəticələri Physical Review D elmi jurnalında dərc olunub.
Termodinamikanın ikinci qanununa əsasən, qapalı sistemdə entropiya, yəni nizamsızlığın ölçüsü daim artır. Bu qanuna görə, Kainat ümumilikdə tarazlıq və vahid vəziyyətə doğru inkişaf etməlidir.
Lakin müşahidələr tam fərqli mənzərə ortaya qoyur. İlk dövrlərdə demək olar ki, eyni paylanmış maddə zaman keçdikcə qalaktikalara, ulduzlara, planetlərə və nəticədə həyata çevrilib. Bu ziddiyyət uzun illərdir alimləri düşündürür.
Yeni araşdırmanın müəllifləri hesab edirlər ki, bunun əsas səbəbi məkanın – Kainatın özünün – daim genişlənməsidir.
Onların fikrincə, Kainat genişləndikcə yeni həcm yaranır və bu da maddənin qlobal entropiyanı pozmadan müxtəlif strukturlar yaratmasına imkan verir. Başqa sözlə, ulduzlar, planetlər və biosfer kimi nizamlı sistemlərin yaranması Kainatın ümumi həcminin artması sayəsində mümkün olur.
Yeni nəzəriyyədə qravitasiya təkcə Albert Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsində təsvir olunduğu kimi məkan-zamanın əyilməsi deyil, həm də Kainatda strukturlaşmanı təmin edən əsas hərəkətverici qüvvə kimi qiymətləndirilir.
Alimlər izah edirlər ki, qravitasiya maddəni bir yerə toplayaraq lokal entropiyanı azaldır. Bunun əvəzində isə Kainatın digər hissələrində istilik və şüalanma şəklində entropiya artır. Kainatın genişlənməsi bu prosesin baş verməsinə imkan verən bir növ “bufer” rolunu oynayır.
Tədqiqat müəllifləri vurğulayırlar ki, onların yanaşması Ümumi Nisbilik Nəzəriyyəsinə zidd deyil, əksinə onu tamamlayır.
Onların fikrincə, bu konsepsiya müasir fizikanın ən böyük həll olunmamış problemlərindən biri sayılan vahid kvant qravitasiyası nəzəriyyəsinin yaradılmasına doğru mühüm addım ola bilər.
N.Talıbov