Keyfiyyətli yuxu təkcə yataqda keçirilən saatların sayı ilə müəyyən olunmur. Mütəxəssislər bildirirlər ki, yuxunun faydalı olması üçün onun müntəzəm rejimə uyğun olması və orqanizmin təbii bioloji ritmləri ilə uzlaşması da böyük əhəmiyyət daşıyır.
Bu səbəbdən hər gecə gec saatlarda yatmaq, hətta kifayət qədər yuxu alsanız belə, sağlamlığa mənfi təsir göstərə bilər.
Dərin yuxu niyə vacibdir?
İnsan gecə ərzində bir neçə yuxu dövrü keçir. Bu dövrlərin ən mühüm mərhələlərindən biri dərin yavaş dalğalı yuxudur. Məhz bu mərhələdə orqanizm fiziki cəhətdən bərpa olunur, beyin fəaliyyəti yenilənir, immun və digər həyati sistemlərin fəaliyyəti tənzimlənir.
Dərin yuxu əsasən gecənin ilk saatlarında daha çox olur. Səhərə yaxın isə sürətli göz hərəkətləri (REM) mərhələsinin müddəti artır. Buna görə də gec yatıb səhər uzun müddət yatmaq itirilmiş yuxunu tam kompensasiya etmir.
Bioloji saatın rolu
Alimlər qeyd edirlər ki, yuxunun keyfiyyətində əsas amillərdən biri sirkadiyan ritmlər, yəni orqanizmin daxili bioloji saatıdır. Axşam hava qaraldıqca melatonin hormonunun ifrazı artır və bədən yuxuya hazırlaşmağa başlayır.
Lakin axşam saatlarında parlaq işıq, telefon, planşet və kompüter ekranlarından istifadə bu prosesi poza bilər. Nəticədə insanın yuxuya getməsi çətinləşir, səhər isə özünü yorğun hiss edir.
Gec yatmağın fəsadları
Müntəzəm olaraq gec yatmaq aşağıdakı problemlərə səbəb ola bilər:
gündüz yuxululuğu;
əsəbilik;
diqqət və konsentrasiyanın zəifləməsi;
xroniki yorğunluq.
Bu təsirlər xüsusilə gec yatmağa görə kifayət qədər yuxu almayan insanlarda daha qabarıq müşahidə olunur.
Yuxu rejimini necə bərpa etmək olar?
Mütəxəssislər aşağıdakı tövsiyələri verirlər:
Hər gün, hətta həftəsonları da eyni saatda yatıb oyanmağa çalışın;
Axşam saatlarında işığın parlaqlığını azaldın;
Yatmazdan əvvəl telefon, televizor və digər ekranlardan istifadəni məhdudlaşdırın;
Yataq otağını qaranlıq, sakit və sərin saxlayın.
Gecə saat 12-dən sonra yatmaq həmişə zərərlidirmi?
Mütəxəssislər vurğulayırlar ki, gecə saat 00:00 yuxunun faydasının birdən-birə azaldığı universal sərhəd deyil. Hər bir insanın bioloji ritmi və həyat tərzi fərqlidir.
Əsas məqsəd orqanizmin ehtiyac duyduğu qədər yuxu almaq və bunu mümkün qədər sabit rejimdə etməkdir. Təbii gecə-gündüz ritminə uyğun həyat tərzi həm yuxunun keyfiyyətini, həm də ümumi sağlamlığı yaxşılaşdırır.
Nadir