Magistraturada 3 813 yer niyə boş qaldı?– Gənclər ali təhsildən nə üçün uzaqlaşır? / TƏHLİL

2026-cı il üzrə magistraturaya qəbulun nəticələri ali təhsilin ikinci pilləsinə marağın azaldığını bir daha ortaya qoydu. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ayrılmış 17 658 plan yerinin yalnız 13 845-i dolub, 3 813 yer isə boş qalıb. Qeydiyyat prosesi başa çatdıqdan sonra bu rəqəmin bir qədər də artacağı gözlənilir və boş qalan yerlər üzrə əlavə müsabiqə keçiriləcək.

Ekspertlər hesab edirlər ki, söhbət təkcə qəbul statistikasından getmir. Minlərlə plan yerinin, o cümlədən dövlət sifarişli yerlərin boş qalması ali təhsil və əmək bazarı arasında formalaşan uyğunsuzluğun göstəricisi kimi qiymətləndirilir.

Gənclər niyə magistraturadan imtina edirlər?

Uzun illər magistr təhsili karyera yüksəlişi, elmi fəaliyyət və dövlət qulluğunda üstünlük qazandıran mərhələ hesab olunurdu. Lakin son illər bu yanaşma dəyişməyə başlayıb. Təhsil ekspertlərinin fikrincə, gənclərin əhəmiyyətli hissəsi bakalavr diplomunu kifayət hesab edir və əlavə iki il təhsil almağın gələcək karyeraya ciddi üstünlük verməyəcəyini düşünür. Onların qənaətinə görə, əmək bazarında bir çox işəgötürən magistr diplomuna görə əlavə üstünlük və ya yüksək əməkhaqqı təklif etmir. Bu da gəncləri daha tez əmək bazarına çıxmağa sövq edir.

Ali təhsilli işsizlərin sayı nə qədərdir?

Əmək bazarı ilə bağlı rəsmi statistik göstəricilər də müəyyən problemlərin mövcudluğunu göstərir. Dövlət Məşğulluq Agentliyinin son hesabatlarına əsasən, ölkədə ümumi işsizlərin sayı təxminən 240-250 min nəfər civarındadır. Onların 27-34 min nəfərini ali təhsilli şəxslər təşkil edir.

Ölkədə ümumi işsizlik səviyyəsi 5,2 faiz olsa da, ali təhsilli gənclərin əmək bazarına inteqrasiyası daha mürəkkəbdir. Məlumata görə, ali təhsilli işsizlərin ümumi işsizlər arasındakı payı həm kişilər, həm də qadınlar üzrə 12,4 faiz təşkil edir.

Bəzi universitetlərin məzunlarının yarıdan çoxu iş tapa bilmir

Elektron platformaların “Məzun Məşğulluq Reytinqi” hesabatları da diqqətçəkən mənzərə ortaya qoyur.

Hesabatlara əsasən, bəzi ali məktəblərin məzunlarının universiteti bitirdikdən sonra ilk iki il ərzində iş tapmaq imkanları olduqca aşağıdır.

Məsələn Azərbaycan Dövlət Aqrar Universiteti məzunlarının 54,4 faizi ilk iki ildə işsiz qalır, Naxçıvan Dövlət Universitetində bu göstərici 52,1 faizdir, Azərbaycan İdman Akademiyası məzunlarının 50,7 faizi iki il ərzində iş tapa bilmir. Konservatoriya və Mədəniyyət və İncəsənət Universiteti kimi humanitar və incəsənət istiqamətli ali məktəblərdə isə işsizlik göstəricisi 40-43 faiz arasında dəyişir.

Bu statistika göstərir ki, diplom əldə etmək hər zaman məşğulluğa təminat vermir.

Əsas problem nədir?

Mütəxəssislər ali təhsilli gənclər arasında işsizliyin artmasını bir neçə amillə izah edirlər.

Ən vacib səbəblərdən biri ixtisas uyğunsuzluğudur. Belə ki, səhiyyə, təhsil və humanitar sahələrdə məzun sayı çox olduğu halda, mühəndislik, aqrar sektor, informasiya texnologiyaları və digər texniki sahələrdə kadr çatışmazlığı davam edir.

Digər problem universitetlərdə əldə olunan nəzəri biliklərlə əmək bazarının tələb etdiyi praktik bacarıqlar arasında fərqin olmasıdır. İşəgötürənlər məzunlardan peşə bilikləri ilə yanaşı, layihələrin idarə olunması, rəqəmsal bacarıqlar, xarici dil və komanda işi kimi praktik səriştələr də gözləyirlər.

Ekspertlər həmçinin qeyd edirlər ki, ali məktəbləri bitirən gənclərin işlə təmin olunmasını nəzərdə tutan təyinat mexanizmi mövcud deyil.

Bundan başqa, ölkədə yeni iş yerlərinin və vakansiyaların 80 faizdən çoxunun Bakı şəhərində cəmləşməsi regionlarda yaşayan ali təhsilli gənclərin məşğulluq imkanlarını daha da məhdudlaşdırır.

Boş qalan dövlət sifarişli yerlər nəyi göstərir?

Ən diqqətçəkən məqamlardan biri dövlət hesabına maliyyələşdirilən yerlərin də tam dolmamasıdır. Adətən ödənişsiz təhsil gənclər üçün ciddi stimul hesab edilir. Lakin dövlət sifarişli yerlərin belə boş qalması göstərir ki, problem təkcə təhsil haqqı ilə bağlı deyil.

Ekspertlərin fikrincə, gənclər artıq magistr diplomunun gələcəkdə onlara daha yüksək gəlir və ya sabit iş təmin edəcəyinə əvvəlki qədər inanmırlar.

Universitetlər nəyi dəyişməlidir?

Mütəxəssislər hesab edirlər ki, magistratura proqramları əmək bazarının tələblərinə uyğun yenilənməlidir.

Onların fikrincə, işəgötürənlərlə birgə hazırlanmış təhsil proqramları genişləndirilməli, istehsalat təcrübəsi artırılmalı, ikili diplom layihələrinin sayı çoxaldılmalıdır. Həmçinin dövrün əsas trendi olan süni intellekt, kibertəhlükəsizlik, data analitikası və yaşıl iqtisadiyyat kimi müasir istiqamətlər üzrə proqramlar genişləndirilməlidir. Universitetlərin məzun məşğulluğu göstəriciləri əsas keyfiyyət meyarlarından birinə çevrilməlidir.

Boş qalan yerlər təhsil sisteminə xəbərdarlıqdır

Magistraturada minlərlə plan yerinin boş qalması təkcə qəbul kampaniyasının nəticəsi deyil. Bu, ali təhsil sisteminin əmək bazarının tələbləri ilə nə dərəcədə uyğunlaşdığı barədə ciddi siqnaldır. Əgər magistr diplomu gənclərə daha yüksək məşğulluq, daha rəqabətli əməkhaqqı və real karyera üstünlüyü qazandırmırsa, ali təhsilin ikinci pilləsinə marağın azalması təbii görünür.

Təhsil ekspertləri hesab edirlər ki, universitetlərin uğuru artıq yalnız qəbul olunan tələbələrin sayı ilə deyil, məzunların neçə faizinin ixtisası üzrə iş tapması ilə ölçülməlidir. Məhz bu göstərici gələcəkdə magistratura proqramlarına marağın artıb-artmayacağını müəyyən edən əsas amillərdən biri olacaq.

Samir Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.