Yuxular təsadüfi görüntülər toplusu deyil. Alimlər müəyyən ediblər ki, insan beyni yuxu zamanı xatirələri, emosiyaları, fantaziyanı və gözləntiləri birləşdirərək yeni süjetlər yaradır. Yuxuların məzmununa isə insanın xarakteri, yuxunun keyfiyyəti və gündəlik həyatda baş verən hadisələr təsir göstərir.
Bu barədə Science Daily portalı məlumat yayıb.
Araşdırmada yaşı 18-70 arasında olan 287 nəfər iştirak edib. Onlar iki həftə ərzində gördükləri yuxuları və gün ərzində yaşadıqları hadisələri qeydə alıblar. Nəticədə alimlər 3 700-dən çox yuxu və gündəlik hadisə qeydi üzərində təhlil aparıblar.
Bundan əlavə, iştirakçıların şəxsiyyət xüsusiyyətləri, idrak bacarıqları, psixoloji vəziyyəti və yuxu keyfiyyəti barədə də məlumatlar toplanıb.
Məlumatların emalı üçün tədqiqatçılar sözlər, anlayışlar və ideyalar arasındakı əlaqələri müəyyən edən süni intellekt əsaslı təbii dil emalı texnologiyalarından istifadə ediblər. Araşdırmanın nəticələri göstərib ki, yuxular tamamilə təsadüfi yaranmır. Onların strukturu insanın fərdi xüsusiyyətləri və həyat təcrübəsi ilə sıx bağlıdır.
Alimlər yuxuları iştirakçıların gündəlik həyatı ilə müqayisə etdikdə maraqlı nəticə əldə ediblər. Məlum olub ki, beyin yaşanmış hadisələri olduğu kimi təkrarlamır. Əksinə, tanış insanlar, məkanlar və hadisələr yuxuda başqa mühitlər, fərqli məkanlar və gözlənilməz baxış bucaqları ilə birləşdirilir.
Məsələn, iş otağı, xəstəxana və ya auditoriya tamamilə fərqli bir yuxu səhnəsinin tərkib hissəsinə çevrilə bilər.
Tədqiqat müəlliflərinin fikrincə, beyin bu yolla xatirələri fantaziya, gözləntilər və gələcəklə bağlı ehtimallarla birləşdirir. Elə buna görə də yuxular bəzən çox real, emosional və ya hətta sürreal görünür.
Araşdırma həmçinin göstərib ki, gün ərzində fikirləri daha çox yayınan insanlar daha parçalanmış və hadisələrin sürətlə dəyişdiyi yuxular gördüklərini bildiriblər.
Yuxularına xüsusi məna verən iştirakçılar isə daha detallı, zəngin və real görünən yuxular təsvir ediblər. Bununla belə, alimlər qeyd edirlər ki, bu nəticələr yuxulara inanma ilə onların daha canlı olması arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir, sadəcə müəyyən qanunauyğunluğu göstərir.
Tədqiqatçılar pandemiya dövründə qeydə alınmış yuxularla hazırkı nəticələri də müqayisə ediblər. Məlum olub ki, COVID-19 məhdudiyyətlərinin ən sərt dövründə insanlar daha narahatedici, qorxu və məhdudiyyət mövzulu yuxular görürdülər. Zaman keçdikcə isə bu cür yuxuların intensivliyi azalıb.
Alimlər hesab edirlər ki, bu dəyişiklik insan psixikasının uzunmüddətli stressə tədricən uyğunlaşmaq və onun təsirini azaltmaq qabiliyyətini göstərir.
N.Talıblı