Azərbaycan HHQ Türkiyənin yeni hərbi sistemini aldı

Türkiyənin müdafiə sənayesi şirkəti HAVELSAN tərəfindən hazırlanmış Hərbi Hava Qüvvələri İnformasiya Sisteminin (HvBS) mühüm imkanları Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsinə verilib.

AzPost xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyat tələbləri nəzərə alınaraq hazırlanan HvBS hava əməliyyatlarının planlaşdırılması, icrası, izlənilməsi və qiymətləndirilməsi proseslərini vahid rəqəmsal platforma üzərindən idarə etməyə imkan verən müasir komanda-idarəetmə sistemidir.

Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilən sistem əməliyyat mərkəzlərində xidmət aparan şəxsi heyətin vahid əməliyyat mənzərəsi əsasında fəaliyyət göstərməsini təmin edəcək. Eyni zamanda, tapşırıq və əməliyyat məlumatlarının real vaxt rejimində idarə olunması, kritik məlumatların vahid mərkəzdən izlənilməsi və qərarların daha operativ qəbul edilməsi mümkün olacaq.

Məlumata görə, yeni sistem sayəsində planlaşdırma, koordinasiya və əməliyyatların icrası daha sürətli, dəqiq və səmərəli həyata keçiriləcək.

Əməliyyat hazırlığı dəqiqələrə enəcək

HAVELSAN-ın hazırladığı HvBS dünyanın ən əhatəli hərbi hava qüvvələri informasiya sistemlərindən biri hesab olunur. Sistem bütün əsas komanda-idarəetmə komponentlərini vahid platformada birləşdirərək əməliyyat hazırlığı üçün tələb olunan vaxtı saatlardan dəqiqələr səviyyəsinə endirir və hava əməliyyatlarında çevik qərarvermə imkanlarını genişləndirir.

Sistemin modulları müxtəlif komanda səviyyələri arasında təhlükəsiz məlumat mübadiləsini təmin edir, hava əməliyyatlarına dair vacib məlumatların eyni vaxtda izlənilməsinə və vəziyyətə uyğun operativ qərarların qəbuluna şərait yaradır.

Açıq və modul prinsipi əsasında qurulan HvBS mövcud komanda-idarəetmə infrastrukturuna inteqrasiya oluna bilir, həmçinin istifadəçilərin ehtiyaclarına uyğun olaraq gələcəkdə yeni funksiyalarla genişləndirilə bilər. Bu xüsusiyyətlər sistemin uzunmüddətli perspektivdə də effektiv istifadəsinə imkan verir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.