Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin təşkilatçılığı ilə “Türk xalqlarının mədəni irs sərgisi” layihəsinin icrasına davam edilir. Bu layihə çərçivəsində 4-6 sentyabr tarixlərində “İpək tək səma” müəllif kukla biennalisi təşkil ediləcək.
QHT.az xəbər verir ki, “İpək tək səma” müəllif kukla biennalisi türk xalqlarının ortaq mədəni dəyərlərini, milli-mənəvi irsini, estetik dünyagörüşünü və sənətkarlıq ənənələrini kukla sənəti vasitəsilə geniş ictimaiyyətə təqdim edəcək. Sərgidə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan sənətkarların müəllif kuklalarının nümayişi nəzərdə tutulur.
Sərgidə Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən – Türkiyədən Selma Kadriye Yurtlu, Qırğızıstandan Natalya Kopıtova, Qazaxıstandan İrina İtaxunova, Özbəkistandan Nasiba Ahmedova Türkmənistandan isə Baxtıgül Annagulyyeva və Bahar Türkmenin hazırladıqları unikal müəllif kuklaları ziyarətçilərə təqdim ediləcək.
Bununla yanaşı, Azərbaycanı təmsil edən tanınmış kukla sənətkarları Aybəniz Yusubova, Sevinc Gəncəliyeva, Tamilla Qurbanova, Nuranə Abdullayeva, Anara Salmanova, Zinaida Həsənova, Fərəh Əliyeva, Təranə Əliyeva, Nubar Şahbazova, eləcə də ortaq yaradıcılıq işləri ilə fərqlənən Pərviz Hüseynov və İrina Qundorinanın müəllif əsərləri nümayiş olunacaq. Ümumilikdə sərgidə 50-dən çox müəllif kuklası nümayiş etdiriləcək.
Qeyd edək ki, Leyla Khazari Art Gallery-də 4 sentyabr 2026-cı il tarixində keçiriləcək açılış mərasiminə giriş dəvətnamə əsasında həyata keçiriləcək. Sərgi 5-6 sentyabr tarixlərində ziyarətçilər üçün açıq olacaq və giriş sərbəstdir.




