Dünya bazarında qızılın qiyməti iki ardıcıl bahalaşma sessiyasından sonra avqustun 18-də geriləyib. Buna Yaxın Şərqdə böhranın uzana biləcəyi ilə bağlı narahatlıqlar, neftin bahalaşması və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi təsir edib.
Reuters xəbər verir ki, spot qızılın qiyməti 0,5 faiz azalaraq bir unsiya üçün 4391,77 dollara düşüb. ABŞ-da dekabr fyuçersləri isə 0,6 faiz ucuzlaşaraq 4447,30 dollar olub.
Analitik Ross Norman bildirib ki, qızılın ucuzlaşmasında əvvəlki güclü artımdan sonra mənfəət götürülməsi ilə yanaşı, bazarda qiymətli metala təzyiq göstərən ənənəvi amillər də rol oynayıb.
Neftin bahalaşması qızıla təzyiq göstərir
Yaxın Şərqdə vəziyyətin uzun müddət davam etməsi enerji qiymətlərinin və nəticədə inflyasiya risklərinin artmasına səbəb ola bilər. Bu isə ABŞ dollarının və dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsinə gətirib çıxara bilər.
ABŞ-ın 30 illik xəzinə istiqrazlarının gəlirliliyi 2007-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə yaxınlaşıb. Neft qiymətləri də ardıcıl üçüncü sessiyada yüksələrək iki həftədən çox müddətin ən yüksək həddinə çatıb.
İran ABŞ-la müharibənin daimi sona çatdırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra hərbi mövqeyini “tam hücum” vəziyyətinə keçirəcəyini açıqlayıb. Vaşinqton isə müvəqqəti atəşkəs razılaşmasının uzadılmasını istisna edib.
Yüksək enerji qiymətləri inflyasiya qorxularını artırır və faiz dərəcələrinin yüksəldilməsi ehtimalını gücləndirir. Bu isə faiz gəliri gətirməyən qızıl üçün mənfi amil hesab olunur.

İnvestorların gözü FED-dədir
Bununla yanaşı, ABŞ-da son iqtisadi göstəricilər Federal Ehtiyat Sisteminin faiz artımına getməsi ilə bağlı gözləntiləri zəiflədib. İyul ayında məşğulluğun gözlənilmədən azalması, istehlak qiymətlərinin proqnozdan aşağı artması və pərakəndə satışların zəif olması bazarda FED-in sentyabr iclasında faizləri dəyişməyəcəyi ehtimalını artırıb.
İnvestorlar indi FED-in son iclasının protokolunu gözləyirlər. Protokolun çərşənbə günü açıqlanması və ABŞ-ın gələcək faiz siyasəti ilə bağlı istiqamət verməsi gözlənilir.
Digər qiymətli metallar da ucuzlaşıb. Gümüşün spot qiyməti 1,3 faiz azalaraq 64,94 dollar, platin 1,5 faiz geriləyərək 1742,70 dollar, palladium isə 1,5 faiz ucuzlaşaraq 1313,96 dollar olub.