Səhiyyə sahəsində mübahisələr zamanı xəstənin səhhətində arzuolunmaz nəticə yarandıqda bunun avtomatik olaraq həkim səhvi kimi qiymətləndirilməsi düzgün deyil.
Ali Məhkəmədən bildirilib ki, tibbi müdaxilənin arzuolunmaz nəticə ilə başa çatması hər zaman həkimin hüquqi məsuliyyəti demək deyil.
Məhkəmənin izahına görə, həkimin məsuliyyəti qiymətləndirilərkən bir sıra əsas məqamlar nəzərə alınmalıdır. Bunlara tibbi müdaxilənin mövcud göstərişlərə uyğun aparılması, diaqnozun düzgün müəyyən edilməsi, müalicə taktikasının tibbi standartlara cavab verməsi və müdaxilənin peşəkar qaydada həyata keçirilməsi daxildir.
Xəstədə ağırlaşma yaranıbsa, həkim mütləq günahkardır?
Ali Məhkəmə vurğulayır ki, təkcə xəstədə sonradan fəsadın yaranması həkimin təqsirini təsdiqləmir.
Tibbi mübahisələrdə məhkəmə yalnız nəticəyə deyil, həmin nəticəyə gətirib çıxaran prosesin necə həyata keçirildiyinə də qiymət verir.
Əgər həkim mövcud müayinələr əsasında düzgün diaqnoz qoyub, uyğun müalicə üsulu seçib və tibbi müdaxiləni müəyyən edilmiş standartlara uyğun həyata keçiribsə, sonradan arzuolunmaz nəticənin baş verməsi öz-özlüyündə onun hüquqi məsuliyyət daşıması üçün əsas hesab edilmir.
Tibbi sənədlər əsas sübutlardan biridir
Ali Məhkəmənin açıqlamasında tibbi mübahisələrdə sənədləşmənin xüsusi əhəmiyyət daşıdığı da qeyd olunur.
Xəstənin şikayətləri, aparılan müayinələr, qoyulan diaqnoz, əməliyyatın səbəbləri, əməliyyat protokolları, pasiyentin məlumatlandırılması və razılığının alınması tam və düzgün şəkildə sənədləşdirilməlidir.
Çünki sənədlərdəki boşluqlar sonradan tibbi müdaxilənin düzgün aparıldığını sübut etmək baxımından ciddi problemlər yarada bilər.
Əməliyyata razılıq sadəcə imza deyil
Məhkəmə xüsusilə pasiyentin əməliyyat barədə məlumatlandırılması məsələsinə diqqət çəkib.
Pasiyentə planlaşdırılan əməliyyatın məqsədi, mümkün risklər, yarana biləcək ağırlaşmalar və gözlənilən nəticələr sadə və anlaşılan formada izah edilməlidir. Bu məlumatlandırma və razılıq prosesi də lazımi qaydada sənədləşdirilməlidir.
Ali Məhkəmənin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarında da tibbi prosedurların sübutlu təbabətin ümumi qəbul edilmiş prinsiplərinə, lazımi diqqət və qayğı tələblərinə uyğun həyata keçirilməsi məsələsinə toxunulur.
Belə yanaşmaya əsasən, həkim tibbi standartlara uyğun hərəkət edib və lazımi diqqət və qayğı göstəribsə, müdaxilədən sonra ortaya çıxan arzuolunmaz nəticəyə görə onun avtomatik şəkildə hüquqi məsuliyyət daşıması nəzərdə tutulmur.
Ali Məhkəmə hesab edir ki, tibbi xidmət sahəsində hüquqi risklərin azaldılması üçün həkim və tibb müəssisələri yalnız tibbi xidmətin keyfiyyətinə deyil, sənədləşmənin və hüquqi prosedurların düzgün aparılmasına da xüsusi diqqət yetirməlidirlər.