Rusiya yenə tarixin səhvini təkrarlayır– Azərbaycana hücumların əsl səbəbi

Rusiyanın Azərbaycana qarşı son dövrlərdə artan informasiya hücumlarının və təhdidlərin arxasında hansı səbəblər dayanır?

Politoloq Zaur İbrahimlinin fikrincə, əsas səbəb Kremlin postsovet məkanında yaranan yeni reallıqları qəbul etməkdə çətinlik çəkməsi və Azərbaycanın bu dəyişikliklərdə artan rolundan narahatlıq keçirməsidir.

Politoloq bu barədə apardığı təhlildə Rusiyanın tarix boyu zamanın yaratdığı yeni reallıqlara uyğunlaşmaqda çətinlik çəkdiyini bildirib.

Onun fikrincə, artıq dörd ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi də Moskvanın “zamanın nəbzini duymaması”, imperiya baxışlarını reallıqdan üstün tutması və yanlış geosiyasi hesablamalarının nəticəsidir.

“Kreml Ukraynanın dəyişdiyini görmək istəmədi”

Zaur İbrahimli 2004-cü ildə Ukraynada prezident seçkilərini müşahidə etdiyini xatırladıb. Onun sözlərinə görə, həmin vaxt ölkənin xüsusilə sonradan Rusiya tərəfindən işğal olunan şərq vilayətlərində belə Ukraynanın transformasiya prosesinin başladığı görünürdü.

“Ukraynada fərqli siyasi mədəniyyət, fərqli dünyagörüş formalaşırdı. Rusiya isə bu reallığı görmək istəmədi”, – deyə politoloq qeyd edib.

Onun fikrincə, Moskva 2014-cü ildə Krımı ilhaq etməklə geosiyasi məğlubiyyətini kompensasiya etməyə çalışdı. Lakin sonrakı hadisələr göstərdi ki, Kreml adekvat strategiya formalaşdıra bilməyib.

İbrahimli hesab edir ki, Moskva yenə də hərbi güc nümayiş etdirməklə qarşı tərəfin tələbləri qəbul edəcəyinə inanırdı. Halbuki həmin dövrdə həm dünya, həm də Rusiyanın ətrafındakı ölkələr dəyişmişdi.

Postsovet məkanında Moskvanın təsiri azalır

Politoloq hesab edir ki, son illərdə postsovet məkanında baş verən proseslər də Rusiyanın əvvəlki təsir imkanlarının zəiflədiyini göstərir.

Onun fikrincə, 2018-ci ildə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi ilə İrəvanın Moskva ilə münasibətlərində əvvəlki asılılıq modeli dəyişməyə başlayıb.

2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi nəticəsində Ermənistanın işğal siyasətinə son qoyulması və daha sonra Rusiya sülhməramlılarının Qarabağdan çıxması regiondakı geosiyasi reallığı dəyişdirən əsas hadisələrdən biri olub.

İbrahimli Qazaxıstanda 2022-ci ildə baş verən hadisələri, Gürcüstanda cəmiyyətin Rusiyaya münasibətini, Türk Dövlətləri Təşkilatının yeni formatda güclənməsini və Moldovada keçirilən seçkiləri də bu prosesin müxtəlif təzahürləri kimi qiymətləndirir.

Onun qənaətinə görə, bütün bunlara baxmayaraq, Moskva postsovet məkanında hələ də SSRİ dövründəki idarəetmə modelinin mümkün olduğuna inanır.

“Bakı pis nümunə yaradır”

Politoloq hesab edir ki, Azərbaycana qarşı davamlı informasiya hücumlarının əsas səbəblərindən biri də məhz Bakının yeni regional reallığın formalaşmasında fəal və təşəbbüskar mövqeyidir.

“Azərbaycana qarşı davamlı hücumların təməlində rəsmi Bakının bu yeni reallığın formalaşmasında liderliyi, təşəbbüskarlığı və artan təsiri dayanır. Kremldə hesab edirlər ki, obrazlı ifadə etsək, Bakı pis nümunə yaradır”, – deyə İbrahimli bildirib.

Onun fikrincə, Azərbaycan enerji, nəqliyyat və logistika layihələri vasitəsilə yeni imkanlar və alternativlər yaradır, region ölkələri arasında iqtisadi əməkdaşlığı gücləndirir.

Politoloq hesab edir ki, Azərbaycanın təşəbbüsləri Mərkəzi Asiya ölkələri üçün də yeni imkanlar açır, Türkiyənin Xəzər hövzəsi və Cənubi Qafqazdakı rolunu gücləndirir.

Eyni zamanda Türk Dövlətləri Təşkilatında əməkdaşlığın genişlənməsi və Azərbaycanın Qərb ölkələri ilə yanaşı Çinlə də əməkdaşlığı inkişaf etdirməsi Bakıya daha geniş manevr imkanları yaradır.

“Rusiya yeni strategiya yaratmaq qabiliyyətini nümayiş etdirmir”

İbrahimlinin fikrincə, əsas problem Rusiyanın dəyişən reallığa uyğun yeni strategiya formalaşdıra bilməməsidir.

Politoloq ABŞ-ın Vyetnam müharibəsindən sonra xarici siyasətində etdiyi dəyişiklikləri nümunə göstərib.

Onun sözlərinə görə, ABŞ Vyetnamdakı məğlubiyyətdən sonra strategiyasını yenidən nəzərdən keçirdi, bütün münaqişələrə birbaşa qoşun göndərmək əvəzinə müttəfiqlərinin öz müdafiələrini təşkil etməsinə üstünlük verməyə başladı.

Nikson və Kissincer dövründə Vaşinqton Çin və SSRİ ilə münasibətlərə də yeni yanaşma formalaşdırdı.

“ABŞ bu yeni baxışla güclü mövqeyini qorudu və soyuq müharibədə qalib gəldi”, – deyə İbrahimli qeyd edib.

İlham Əliyev Rusiyanı yeni reallığı qiymətləndirməyə çağırıb

Politoloq Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Rusiya ilə bağlı səsləndirdiyi fikirləri də xatırladıb.

Prezident Cənubi Qafqazda vəziyyətin kəskin şəkildə dəyişdiyini, buna İkinci Qarabağ müharibəsinin əsas təsir edən amillərdən biri olduğunu bildirib.

İbrahimlinin diqqət çəkdiyi digər məqam isə Azərbaycanın suverenliyinin tam bərpası, Ermənistanın Avropaya inteqrasiya siyasəti və regionda baş verən digər proseslərin vəziyyətin həm analitik, həm də dövlət səviyyəsində yenidən qiymətləndirilməsini tələb etməsidir.

Azərbaycan Prezidenti Rusiyanın Cənubi Qafqazdakı gələcək roluna münasibət bildirərkən bu rolun konsepsiyasının məhz Moskva tərəfindən formalaşdırılmalı olduğunu vurğulayıb.

Politoloqun fikrincə, bu yanaşma Rusiyaya regiondakı dəyişiklikləri qəbul etmək və yeni reallığa uyğun strategiya qurmaq üçün mesajdır.

1904-cü il ssenarisi təkrarlana bilərmi?

Zaur İbrahimli Rusiyanın hazırkı vəziyyətini tarixi hadisə ilə müqayisə edib.

Onun sözlərinə görə, 122 il əvvəl Rusiya imperiyası Yaponiyanı asanlıqla məğlub edəcəyinə inanırdı. 1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsinə böyük təkəbbürlə yanaşan imperiya rəhbərliyi Yaponiyanı hərbi baxımdan zəif rəqib hesab edirdi.

Nəticədə Rusiya ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyət ölkə daxilində siyasi, iqtisadi və sosial böhranı dərinləşdirdi, monarxiyanın nüfuzuna ciddi zərbə vurdu və 1905–1907-ci illər inqilabının əsas katalizatorlarından birinə çevrildi.

Politoloq hesab edir ki, tarixdən dərs çıxarmamaq Rusiyanın hazırkı siyasətində də özünü göstərir.

“Rusiya yenə tarixin dolaylarına qalıb və təəssüf ki, bundan nəticə çıxarmır”, – deyə Zaur İbrahimli vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.