50 yaşdan sonra sağlamlığı qorumaq üçün alimlər duz və şəkərdən istifadəni minimuma endirməyi tövsiyə edirlər.
50 yaş həddini keçdikdən sonra orqanizm daha diqqətli və qayğıkeş yanaşma tələb etməyə başlayır. Bu yaşdan sonra gündəlik kalori ehtiyacı tədricən azalır, lakin keyfiyyətli vitaminlərə, minerallara və digər faydalı qida maddələrinə olan tələbat artır.
Bu barədə Verywell Health yazıb.
ABŞ-ın Milli Yaşlanma İnstitutunun məlumatlarına əsaslanan mütəxəssislər gündəlik qidalanmada istifadəsi yenidən nəzərdən keçirilməli olan əsas məhsul kateqoriyalarını müəyyən ediblər.
50 yaşdan sonra məhdudlaşdırılması tövsiyə olunan 6 qida:
1. Duzlu qidalar
Çips, mağazalarda satılan pizza, konserv məhsulları, müxtəlif souslar və emal olunmuş ət məhsullarından çox istifadə arterial təzyiqin yüksəlməsi riskini artıra bilər.
2. Doymuş yağlar
Yağlı qırmızı ət, bekon, kolbasa və digər emal olunmuş ət məhsulları, həddindən artıq kərə yağı və qızardılmış yeməklər ürək və qan damarlarına ciddi yük yarada bilər.
3. Əlavə edilmiş şəkər
Şirin yoqurtlar, qazlı içkilər, hazır səhər yeməyi məhsulları, həmçinin çay və qəhvəyə həddindən artıq şəkər əlavə edilməsi orqanizmə artıq kalori verir, lakin qidalandırıcı dəyəri aşağı olur.
4. Ultraemal olunmuş qidalar
Tərkibi uzun olan sənaye üsulu ilə hazırlanan bişinti məhsulları, hazır əriştələr və sosiskalar adətən çoxlu konservant, duz və zərərli yağlar ehtiva edir.
5. Alkoqol
Yaş artdıqca maddələr mübadiləsi dəyişir və orqanizm spirtli içkilərə fərqli reaksiya verir. Bundan başqa, alkoqol müntəzəm qəbul edilən bəzi dərmanlarla təhlükəli qarşılıqlı təsirə girə bilər.
6. “Boş” kalorilər
Peçenye, konfet və şirin un məmulatları yalnız qısa müddətlik toxluq hissi yaradır. Yetkin yaşlarda hər qida qəbulu orqanizmin ehtiyaclarını ödəməyə və sağlamlığı dəstəkləməyə xidmət etməlidir.
Qidalanmaya nələr əlavə edilməlidir?
Mütəxəssislər əzələ kütləsini, enerjini və damar sağlamlığını qorumaq üçün qidalanmanı aşağıdakı məhsullar üzərində qurmağı tövsiyə edirlər:
Təzə tərəvəz və meyvələr;
Tam taxıllı məhsullar və çörək;
Keyfiyyətli zülal mənbələri – quş əti, balıq və paxlalılar;
Orta yağlı süd məhsulları.
Mütəxəssislər hesab edir ki, sərt qida qadağaları hər zaman effektiv olmur və çox vaxt insanın pəhrizi yarımçıq saxlamasına səbəb olur. Sevimli qidalardan tamamilə imtina etmək vacib deyil. Əsas məsələ gündəlik qidalanmanın əsasını sağlam məhsulların təşkil etməsi, daha az faydalı qidaların isə nadir hallarda istehlak olunmasıdır.
Sunay