Azərbaycan Yazıçılar Birliyinin üzvü, fizika-riyaziyyat elmləri doktoru, “Yüsif Məmmədəliyev adına mükafat”ın laureatı, professor Vaqif Nəsir araşdırmaçı-jurnalist Sücəddin Şərifovun müəllifi olduğu “Boradigah tarixi qaynaqlarda” kitabı ilə bağlı “Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri” adlı məqalə yazıb.
Azpost.info yazını təqdim edir.
Boradigah Azərbaycanın gözəl guşələrindən olan cənub bölgəsində Xəzərlə Talış dağlarının, təbiətin iki gözəlliyinin — dəniz və meşənin qovuşduğu ərazidə yerləşir. Oradan bir əlini uzatdıqda Xəzər dənizinə, o biri əlini uzatdıqda isə Talış dağlarına — Masallı İstisuyuna çatır.
Mən Boradigah ərazi dairəsinə daxil olan Mollaoba kəndində doğulmuşam. Lakin orta təhsilimi Boradigah onbirillik məktəbində almışam. Mollaoba mənim üçün nə qədər doğma və əzizdirsə, Boradigah da bir o qədər doğma və əzizdir. Boradigah təkcə regionda və yaxud respublikamızda deyil, ölkəmizdən kənarlarda da tanınır. (Məhz buna görə də qonşu kəndlərin camaatı bölgədən kənarda öz kəndlərinə istiqamət kimi Boradigahı göstərirlər və çox vaxt “boradigahlıyam” deyirlər). Hər şeydən əvvəl gözəl insanları, məktəbləri, mədəni səviyyəsi, bazarı, hamamları ilə tanınır. (Boradigahda iki hamam var. Məlumdur ki, hamamın olması yerli əhalinin mədəni səviyyəsinin göstəricisidir. Bir yerdə hamam varsa, deməli, təmizlik var, sanitariya-gigiyena var, sağlamlıq var və geniş mənada mədəniyyət var). Boradigah məktəbinin məzunları ali məktəblərdə qəbul imtahanlarında qazandıqları uğurlara görə ölkəmizin bütün ali məktəblərində onun adı hörmətlə çəkilir və biz məzunlara daha həssas yanaşılırdı… Mən özüm bunun şahidiyəm.
Boradigah əlverişli coğrafi mövqeyinə görə həm də regionun ticarət, turizm mərkəzi rolunu oynamışdır. Boradigah haqqında harada bir yazılı və ya şifahi məlumat mənə rast gəldikdə, o məni cəlb edib və mən dərhal mənə doğma olan bu yer haqqında daha ətraflı öyrənməyə çalışmışam. Bu baxımdan istedadlı qələm sahibi Sücəddin Şərifovun mənə hədiyyə etdiyi “Boradigah tarixi qaynaqlarda” kitabı lap yerinə düşdü. Arxiv materialları və mövcud mənbələr əsasında yazılan bu kitabda Boradigahın tarixi və inkişafı fonunda bütün Lənkəran zonasında baş verən tarixi hadisələr işıqlandırılmış, Səfəvi idarəçiliyindən, Talış xanlığının yaranışından, habelə müstəqil Azərbaycan Respublikasının yaranışı və süqutundan bəhs olunmuşdur. İrəlicədən qeyd edim ki, bu kitabı yazmaqla müəllif çox ciddi, ağır və bölgə üçün çox əhəmiyyətli olan yük altına girmişdir. Kitab o qədər oxunaqlıdır ki, başlayandan sonra əlindən yerə qoymaq istəmirsən. Bu kitabda nələr yoxdur!
Müəllif ilk olaraq “Boradigah” toponimindən bəhs edərək Boradigahın əsrlər öncəsi ərazisinin “Barigah” adlandırıldığını qeyd edir. Bu da ərazinin dəniz kənarında yerləşməsi ilə izah olunub. Bu gün Boradigah dəniz sahilində yerləşməsə də, mən keçən əsrin əllinci illərində dəniz ləpələrinin Qumbaşı Port-İliç yolunu necə yuduğunun şahidi olmuşam. 102 il yaşayan nənəm deyirdi ki, Boradigah tacirləri gəmilər vasitəsilə İrana mal gətirməyə gedirdilər. Onlar qayıdanda kənd camaatı piyada gedib onları qarşılayardı. Bu gün dəniz həmin yoldan bir neçə km aralanıb. Həmin yerdə çoxlu evlər tikilib. Deməli, ərazi Barigah adını alandan sonra illər ötdükcə dəniz ərazidən uzaqlaşıb. Yeri gəlmişkən, onu da qeyd edim ki, Boradigah tacirləri əlləri düz və çox halal adamlar olublar. Nənəmin dediyinə görə, bir boradigahlı müflisləşmiş tacir İrana gedənlərdən konkret bir iranlı tacirdən, səhv etmirəmsə, təxminən 5 minlik mal alıb gətirməsini xahiş edib. İrana gedən tacir tərəddüd edərək pulsuz malı necə ala biləcəyini soruşub. Müflisləşmiş tacir bir vərəq götürüb, bığından bir tük qoparıb kağıza bükərək ona verib və deyib ki, bunu ona arxayınçılıq üçün verərsən. Bir neçə gündən sonra tacirlər geri qayıdarkən bu tacirin də mallarını gətiriblər.
Boradigahın tarixi kökləri Tunc dövrünə gedib çıxır. Buna parlaq sübut olaraq orada qazıntılar nəticəsində tapılan tunc şir fiqurunu göstərmək olar. 1914-cü ildə Boradigahda tapılan gümüş sikkələr də bu yaşayış məntəqəsinin qədimliyindən xəbər verir. Kitabda mümkün qaynaqlardan istifadə etməklə müəllif Boradigahın ilk yaşayış məntəqəsi kimi formalaşmasından bugünkü günümüzə kimi baş verən tarixi, ictimai-siyasi hadisələri çox oxunaqlı şəkildə vermişdir. Müəllif eyni zamanda kolxoz quruluşunun yaranması, təhsil, səhiyyə, mədəniyyət, qəsəbənin infrastrukturları, bütün ölkəmizdə tanınan bazarı, habelə məscidi, din xadimləri və tanınmış adamları haqqında geniş ensiklopedik məlumat verir. Kitabda adı çəkilən və şəkilləri verilən insanların bir çoxunu mən şəxsən tanıyır və bəziləri ilə salam-əleykim də var idi. Doktor Əli Bağırovun ailəsi haqqında yazı məni çox təsirləndirdi. Belə ki, Əli doktorun oğlu Sahib mənim dostum idi. O, döş qəfəsi cərrahiyyəsi klinikasında prof. Heybət Abdullayevin aspirantı idi. Dissertasiyası hazır idi. Atası, anası, əmisi və əmisi arvadı ilə Boradigaha gedən zaman avtomobil qəzasına düşmüşdülər. Beşi də həlak olmuşdu. Yasamal qəbiristanlığında dəfn zamanı, deyərdim ki, bütün Bakı yığışmışdı. Boradigahda doğulmasa da, Sahib ata yurdunu nə qədər sevirdi…
Təqdim olunan kitabda II Dünya müharibəsində iştirak edən boradigahlıların bütöv siyahısı, döyüşdə fərqlənənlər, onların mükafatlandırılması haqqında, habelə bəy ailələri haqqında məlumat, qəhrəman anaların, yüksək mükafatlar alan əmək adamlarının siyahısı verilmişdir. Buradan seçilən deputatlar haqqında məlumat ayrıca verilmişdir. Maraqlıdır ki, Azərbaycan Ali Sovetinə seçilən 12 deputatdan ikisi boradigahlıdır. Bunlardan biri mənim istəkli müəllimim C.Əsədov, o biri də əslən mollaobalı E.Axundovadır.
Qeyd edək ki, müəllif repressiya dövrünü də işıqlandırmağı unutmayıb. Kitabda 1925-ci, 1930-cu illərdə seçkilərdə seçilib-seçilməkdən məhrum olanların, 1931–1932-ci illərdə əmlakı götürülən fərdi təsərrüfatların, habelə 1930–1931-ci illərdə Boradigah kənd şurasında hüquqdan məhrum edilənlərin siyahısı verilmişdir. Mən keçən əsrin əllinci illərində də “səsdən məhrum” deyilən şəxsləri görmüşəm. Onlar cinayət törədib həbsə düşənlər idi. Səsdən məhrumun müəyyən müddəti var idi. (İndi məhkumlar da səsvermədə iştirak edirlər).
Qarabağ döyüşlərində Boradigah oğulları da böyük igidliklər göstərmişlər. Müharibə iştirakçıları və onların qəhrəmanlıqları müəllif tərəfindən ətraflı işıqlandırılmış, müharibə iştirakçılarının siyahısı və şəhidlərin fotoları verilmişdir.
Kitabla tanış olan hər kəs Boradigahın tarixinin, əzəmətinin və böyüklüyünün şahidi olur. Onu böyük edən gözəl təbiəti, istedadlı və zəhmətkeş insanlarıdır. Hələ 1972-ci ildə mənim elmi rəhbərim, dünyaşöhrətli fizik A.Kitayqorodski (akad. L.Landau ilə birlikdə “Fizika hamı üçün” kitablar seriyasının müəllifi) Boradigahla tanış olduqdan sonra: “Bu çox qəşəng şərq şəhəridir”, — dedi. Şüşəli pavilyonda çay içəndən sonra dedi ki, mən ömrümdə belə dadlı çay içməmişdim.
Təqdim olunan kitabda digər çox maraqlı və diqqəti cəlb edən materiallar var. M.Ə.Rəsulzadənin, N.Nərimanovun Boradigaha gəlişi və yerli əhali ilə səmimi görüşləri də həmin diqqətçəkən hadisələrdəndir. Məncə, bu kitab ensiklopedik məlumatlarla zəngin elmi-tədqiqat əsəri, monoqrafiyadır. Müəllif böyük zəhmət hesabına müxtəlif mənbələrdən istifadə edərək topladığı materiallara öz ürəyinin istisini qataraq Boradigahın möhtəşəm abidəsini yarada bilmişdir. Məncə, bu kitab hər bir boradigahlının stolüstü kitabı olmalıdır. Belə hesab edirəm ki, kitabın müəllifi artıq Boradigahın fəxri vətəndaşı hüququnu qazanmışdır.
