Fars körfəzi ölkələri İranın mümkün hücumları fonunda neftin Hörmüz boğazından daşınması üçün qeyri-adi üsullara əl atmağa başlayıb. Bəzi tankerlər təhlükəli əraziyə daxil olmazdan əvvəl izləmə sistemlərini söndürür, boğazı keçdikdən sonra isə nefti başqa tankerlərə ötürür.
CNN-in məlumatına görə, bu sxem əsasən Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və BƏƏ-nin neft daşımalarında istifadə olunur.
Tankerlər xəritədən necə “yoxa çıxır”?
Bu üsulun nümunələrindən biri Yunanıstana məxsus Kiku tankeridir. Qətərin Mesaid terminalında neft yükləyən gəmi Hörmüz boğazına doğru hərəkət edib. Lakin iyulun 31-də gəmi kommersiya izləmə sistemlərindən qəfil itib.
Səbəb AIS – avtomatik identifikasiya sisteminin söndürülməsi olub. Bu sistem gəminin koordinatlarını, sürətini və hərəkət istiqamətini ötürür.
Kiku-nun siqnalı yalnız ertəsi gün – tanker artıq Hörmüz boğazını keçdikdən sonra yenidən görünüb.
Bəzi tankerlər boğazın ən təhlükəli hissəsini gecə saatlarında keçir. Ayrı-ayrı gəmiləri isə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri müşayiət edir.
İki həftədə tankerlərin 80%-i AIS-i söndürüb
Analitik şirkət Kpler-in məlumatına görə, araşdırılan iki həftə ərzində Hörmüz boğazından keçən gəmilərin təxminən 80%-i AIS siqnallarını ötürməyib.
Tankerlərin bir hissəsi İranla bağlı riskləri azaltmaq üçün Oman sahillərinə mümkün qədər yaxın hərəkət edib.
Lakin AIS-in söndürülməsi gəmini tamamilə görünməz etmir. Böyük tankerləri peyklər və radarlar vasitəsilə müəyyən etmək mümkündür. Buna görə də məqsəd gəmini gizlətməkdən çox, onun marşrutunun izlənməsini çətinləşdirməkdir.
Neft dənizin ortasında başqa tankerə ötürülür
Tanker Hörmüz boğazını keçdikdən sonra Oman körfəzində başqa gəmi ilə görüşür. Neft birbaşa dənizdə digər tankerə yüklənir.
Bundan sonra ikinci tanker xam nefti alıcı ölkəyə aparır, birinci tanker isə yeni yük götürmək üçün yenidən Fars körfəzinə qayıda bilir.
CNN cəmi iki gün ərzində ondan çox belə neftötürmə əməliyyatı müəyyən edib.
Bu yolla daşınan neft Çin, Cənubi Koreya, Tayvan, Filippin, Vyetnam və Tailand istiqamətinə göndərilib.
Əsl neft daşınması rəsmi rəqəmlərdən çox ola bilər
AIS siqnallarının kütləvi şəkildə söndürülməsi daha bir problem yaradıb: açıq gəmi izləmə sistemləri Hörmüz boğazından keçən real neft həcmini olduğundan az göstərməyə başlayıb.
ABŞ Energetika Nazirliyinin qiymətləndirməsinə görə, hazırda boğazdan sutkada 8-9 milyon barrel neft keçə bilər. Bu, bəzi adi gəmi monitorinq sistemlərinin göstərdiyi rəqəmlərdən təxminən iki dəfə çoxdur.
Ölkələr Hörmüzdən yan keçməyə çalışır
Region ölkələri yalnız tankerlərin təhlükəsizliyini artırmaqla kifayətlənmir. Onlar nefti Hörmüz boğazından keçirmədən ixrac etmək üçün alternativ marşrutlardan da istifadə etməyə çalışırlar.
Səudiyyə Ərəbistanı sutkada təxminən 5 milyon barrel nefti Şərq-Qərb boru kəməri ilə Qırmızı dənizdəki Yanbu limanına yönəldir.
Bununla belə, bu marşrutlar Hörmüzün əhəmiyyətini tam əvəz edə bilmir.
Neft bahalaşması riski artır
Tankerlərin dənizdə bir-birinə neft ötürməsi, əlavə reyslər və təhlükəsizlik tədbirləri daşınmanın maya dəyərini artırır. Üstəlik, AIS-in söndürülməsi gəmiləri mümkün hücumlardan qoruyan mexanizm deyil.
Bu vəziyyət dünya enerji bazarı üçün ciddi risk yaradır. Neftin qiyməti artıq bir barrel üçün 100 dollar həddinə yaxınlaşır.
Hörmüz boğazında gərginliyin daha da artması isə yalnız xam neftin deyil, benzin, dizel və aviasiya yanacağının qiymətlərinə də qlobal təzyiqi gücləndirə bilər.
S.Abdulla