Misirin Luksor şəhərinin qərb sahilində arxeoloqlar əsrlər boyu dəfn əşyalarının saxlanıldığı qaya içərisində gizli kamera aşkar ediblər. Kurna ərazisində aparılan qazıntılara məşhur misirşünas Zahi Həvass rəhbərlik edib.
Arxeoloqların tapıntısı sadəcə qədim məzar deyil, Misirin Üçüncü Keçid Dövrünə – qədim Misirin 21-25-ci sülalələri dövrünə aid mühüm tarixi “zaman kapsulu” hesab olunur.
Azpost.info bildirir ki, bu barədə The Daily Galaxy yazır.
Qaya kamerasında 22 tabut
Tədqiqatçıları ən çox təəccübləndirən məzarlıq kamerasındakı əşyaların sıx yerləşdirilməsi olub.
Düzbucaqlı formalı qaya otağında 22 ədəd naxışlı taxta tabut aşkarlanıb. Məhdud sahədən maksimum istifadə etmək üçün qədim insanlar tabutların qapaqlarını gövdələrindən ayıraraq ayrıca sıralayıblar.
Tabutlar ümumilikdə 10 üfüqi səviyyədə yerləşdirilib. Bu isə onların təsadüfi şəkildə deyil, əvvəlcədən düşünülmüş sistem üzrə toplandığını göstərir.
Alimlər ehtimal edirlər ki, kamera tabutların ilkin dəfn yeri olmayıb. Ola bilər ki, sonrakı dövrdə müxtəlif məzarlardan çıxarılan mumiyalar və dəfn əşyaları burada bir növ “arxiv” kimi toplanıb.
Bu versiya hazırda arxeoloqlar arasında müzakirə olunur.
Tabutlarda ad yox, titullar var
Kamerada dəfn olunan insanların əksəriyyətinin kimliyi hələ müəyyən edilməyib. Tabutların üzərində şəxsi adlar qorunmayıb. Bunun əvəzində dini və peşə titullarına rast gəlinir.
Ən çox diqqət çəkən ifadələrdən biri “Amonun müğənnisi” tituludur. Bu isə tapılan qadınların bir qisminin məbəd elitasına aid ola biləcəyini göstərir.
Arxeoloqlar mumiyaların qalıqları və tabutların üzərindəki yazılar əsasında onların kimliyini müəyyənləşdirməyə çalışırlar.
Ən böyük sirr: 8 möhürlü papirus
Lakin qazıntının ən maraqlı tapıntısı tabutlar deyil. Arxeoloqlar gil qabların birinin içərisindən 8 nadir papirus aşkar ediblər. Əlyazmaların bir hissəsi bu günə qədər üzərində ilkin gil möhürlərlə birlikdə gəlib çatıb.
Bu, xüsusilə diqqətçəkən tapıntıdır. Çünki həmin möhürlərin 3 min ildən artıq yaşı olduğu bildirilir.
Papiruslar hazırda təcili bərpa prosesindən keçir. Onların məzmunu hələ açıqlanmır. Alimlər materialın son dərəcə kövrək olduğunu və ehtiyatsız müdaxilənin onun məhv olmasına səbəb ola biləcəyini bildirirlər.
Əvvəlcə papiruslar təmizlənəcək və sabitləşdiriləcək, yalnız bundan sonra mütəxəssislər onların mətnlərini araşdırmağa başlayacaqlar.
Qədim irsin qorunması üçün yarış
Minilliklər ərzində qaya daxilində qalmaq taxta əşyalara və rəngli suvaqlara ciddi ziyan vurub. Hazırda ərazidə çalışan bərpaçılar taxta liflərini möhkəmləndirir, boyaların tökülməsinin qarşısını almağa çalışırlar.
Arxeoloqlar kameradakı hər detalı və məkanın hər santimetrini ayrıca sənədləşdirirlər.
Bu iş gələcəkdə bütün əşyalar kameradan çıxarılaraq laboratoriyalara aparıldıqdan sonra dəfn otağının ilkin görünüşünü bərpa etməyə imkan verəcək.
Ən böyük maraq isə hələ açılmayan 8 papirusun məzmununa yönəlib. Əgər əlyazmalar yaxşı vəziyyətdə qorunubsa, onların üzərindəki məlumatlar qədim Misirin dini həyatı və həmin dövrdə yaşayan insanların kimliyi barədə yeni məlumatlar verə bilər.
N.Talıblı