Azərbaycan və Özbəkistan yeni geoiqtisadi xətt yaradır- Orta Dəhlizdən böyük geosiyasi plana / TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri fonunda Bakı–Daşkənd münasibətləri son illərin ən yüksək mərhələsinə çatıb.

İki ölkə artıq strateji tərəfdaşlıqdan müttəfiqliyə keçib və avqustun 23-də bu münasibətlərin siyasi əsasını daha da möhkəmləndirən “Əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev münasibətlərin tarixdə görünməmiş yüksək səviyyəyə çatdığını bildirib.

 Bəs Bakını və Daşkəndi bu qədər sürətlə yaxınlaşdıran nədir?

Azərbaycan və Özbəkistan xalqları arasında dil, mədəniyyət, adət-ənənə və tarixi bağlar münasibətlərin mühüm bazasıdır. Lakin son illərdəki yaxınlaşmanı yalnız bu amillərlə izah etmək mümkün deyil.

Əslində, Bakı və Daşkənd bir-birinin regional imkanlarını tamamlayan iki dövlət kimi çıxış edir. Azərbaycan Cənubi Qafqazda, Xəzər hövzəsində və Avropa istiqamətində mühüm nəqliyyat və enerji qovşağıdır. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük əhali və iqtisadi mərkəzlərindən biri olmaqla regionun daxilində mühüm mövqeyə malikdir.

Bu iki coğrafiyanın bir-birinə bağlanması isə yeni iqtisadi və siyasi imkanlar yaradır. Ekspert təhlillərində də Azərbaycan–Özbəkistan əməkdaşlığının Cənubi Qafqaz və Mərkəzi Asiyanın daha vahid geoiqtisadi məkan kimi formalaşmasına təsir etdiyi vurğulanır.

Bakı üçün Özbəkistan niyə vacibdir?

Azərbaycanın əsas maraqlarından biri Mərkəzi Asiyada mövqelərini gücləndirməkdir. Bakı son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi diqqət yetirir.

Bunun əsas səbəblərindən biri Orta dəhlizdir. Çindən Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan Transxəzər marşrutu Azərbaycan üçün təkcə tranzit layihəsi deyil. Bu, ölkənin geosiyasi əhəmiyyətini artıran əsas istiqamətlərdən biridir.

Özbəkistanın bu sistemə daha sıx qoşulması isə Bakı üçün Orta dəhlizin Mərkəzi Asiyanın dərinliklərinə qədər genişlənməsi deməkdir. Başqa sözlə, Azərbaycan Avropaya çıxış qapısı, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm istehsal və istehlak mərkəzi kimi çıxış edə bilər.

Daşkəndin Azərbaycana ehtiyacı nədir?

Özbəkistanın mühüm problemi onun dənizə çıxışının olmamasıdır. Bu baxımdan Azərbaycan və Xəzər dənizi Özbəkistan üçün Avropa bazarlarına alternativ çıxış imkanlarından biridir. Özbəkistanın Orta dəhlizə marağı da məhz bu kontekstdə artır.

Daşkənd Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına çıxışını genişləndirə, ixrac marşrutlarını şaxələndirə bilər. Azərbaycan isə öz növbəsində Mərkəzi Asiyadan daha çox yük cəlb edərək tranzit imkanlarını artıra bilər.

Şavkat Mirziyoyevin açıqlaması bu istiqamətdə xüsusilə diqqətçəkəndir. Özbəkistan prezidenti Xəzərdə birgə donanmanın fəaliyyətə başlamasının sürətləndirilməsini və vahid operatora malik ayrıca Azərbaycan–Özbəkistan dəhlizinin yaradılmasını istədiklərini bildirib.

Bu, artıq sadəcə siyasi bəyanat deyil. Əgər belə bir model reallaşarsa, iki ölkə arasında yükdaşımaların daha koordinasiyalı təşkilinə imkan yarana bilər. Burada Azərbaycan üçün əsas üstünlük Xəzər üzərindən əlavə yük axını, Özbəkistan üçün isə Qərb bazarlarına daha sistemli çıxışdır.

İki ölkənin münasibətlərində iqtisadi əməkdaşlığın coğrafiyası da genişlənir. 23 avqustda Daşkənddə Azərbaycan şirkətlərinin iştirakı ilə bank, sənaye, təhsil, enerji, tikinti, turizm, mədənçilik və kənd təsərrüfatı sahələrində layihələrin açılışı və təməli qoyuldu.

Bu fakt mühüm bir tendensiyanı göstərir: Azərbaycan artıq Özbəkistanı yalnız mal satılan bazar kimi deyil, investisiya və birgə istehsal məkanı kimi nəzərdən keçirir. Eyni zamanda Özbəkistan da Azərbaycanı öz şirkətləri üçün Qafqaz və Avropa istiqamətində tərəfdaş kimi görür.

Siyasi maraqlar da üst-üstə düşür

İki ölkənin yaxınlaşmasının digər mühüm səbəbi onların xarici siyasətdə bir sıra ortaq yanaşmalara malik olmasıdır. Azərbaycan və Özbəkistan çoxvektorlu xarici siyasət yürüdür, müxtəlif güc mərkəzləri ilə münasibətləri balanslaşdırmağa çalışırlar. Bu baxımdan Bakı və Daşkənd bir-birini rəqib kimi deyil, regional manevr imkanlarını genişləndirən tərəfdaş kimi görür.

Türk Dövlətləri Təşkilatı da bu əməkdaşlıq üçün əlavə platforma yaradır. Bakı üçün Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi türk dünyasının iqtisadi və siyasi əlaqələrinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Daşkənd üçün isə Azərbaycan Cənubi Qafqazda və Xəzər hövzəsində mühüm türk tərəfdaşıdır.

Qarabağ faktoru da münasibətlərə yeni məzmun verib. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağın yenidən qurulması Azərbaycan–Özbəkistan əməkdaşlığının ayrıca istiqamətinə çevrilib.

Özbəkistan Qarabağda məktəb tikintisi və digər layihələrlə iştirak edir. Şavkat Mirziyoyev də avqustun 23-də Qarabağda gördüyü işlərə yüksək qiymət verərək Azərbaycan Prezidentinin siyasi kursunun nəticəsində ərazi bütövlüyünün bərpa olunduğunu bildirib.

Bu isə münasibətlərə sadəcə iqtisadi deyil, mənəvi və siyasi müttəfiqlik elementi də əlavə edir.

Əsas məsələ budur: iki ölkə ayrı-ayrılıqda deyil, birlikdə daha çox imkan əldə edir. Azərbaycan–Özbəkistan yaxınlaşmasının əsas sirri məhz buradadır.

Azərbaycan Özbəkistana üçün Xəzərə və Avropaya çıxış, Orta dəhlizə inteqrasiya, yeni investisiya imkanları, Cənubi Qafqazla əlaqə təklif edir.

Özbəkistan isə Azərbaycan üçün böyük Mərkəzi Asiya bazarı, yeni yük mənbəyi, investisiya imkanları, Mərkəzi Asiyaya daha dərin siyasi və iqtisadi çıxış yaradır. Bu səbəbdən iki ölkənin münasibətlərində qardaşlıq mənəvi ifadə olmaqla yanaşı, getdikcə konkret geoiqtisadi layihələrə çevrilir.

Prezident Mirziyoyevin “biz faktiki olaraq yeni geoiqtisadi reallıq formalaşdırırıq” ifadəsi də təsadüfi deyil. Bakı və Daşkəndin məqsədi əslində yalnız ikitərəfli münasibətləri gücləndirmək yox, Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz xəttində yeni iqtisadi məkan yaratmaqdır.

Görünən odur ki, Azərbaycan–Özbəkistan münasibətlərinin indiki sürətli inkişafının arxasında məhz bu qarşılıqlı geosiyasi və iqtisadi tamamlanma dayanır.

X.SƏFƏROĞLU

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.