Natiq Cəfərli: Azərbaycanın qeyri-neft ixracının 62 faizi qızıldır– Gürcüstandan geri qalırıq?

Azərbaycanın qeyri-neft ixracı ilə bağlı açıqlanan rəqəmlər iqtisadçı-ekspert Natiq Cəfərlinin diqqətini cəlb edib. Ekspert hesab edir ki, qeyri-neft ixracının mövcud təsnifatı ölkənin real ixrac potensialını tam əks etdirmir.

Natiq Cəfərli bildirir ki, Gürcüstan 2026-cı ilin ilk 7 ayında – yanvar-iyul aylarında 3 milyard 870 milyon dollarlıq mal və məhsul ixrac edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artım deməkdir.

Onun sözlərinə görə, Azərbaycanın ixracı isə cari ilin yanvar-iyul aylarında 19 milyard 335 milyon dollar təşkil edib. Bunun 13 milyard 402 milyon dolları neft, qaz və neft məhsullarının payına düşüb.

Hökumətin təsnifatında qeyri-neft sektoru kimi göstərilən məhsulların ixracı isə 5 milyard 933 milyon dollar olub.

Ekspert hesab edir ki, ilk baxışdan bu rəqəm kifayət qədər yüksək görünür. Lakin qeyri-neft ixracının strukturuna nəzər saldıqda mənzərə dəyişir.

Qeyri-neft ixracının 62 faizi qızılın payına düşür

Natiq Cəfərli bildirir ki, hökumətin qeyri-neft ixracı kimi təsnif etdiyi məhsullar arasında ən böyük pay 7108 kodu ilə göstərilən qızılın payına düşür.

Söhbət işlənməmiş və ya yarımçıq işlənmiş, yaxud toz şəklində olan qızıldan gedir.

Ekspertin açıqladığı rəqəmlərə görə, 2026-cı ilin ilk 7 ayında bu kateqoriya üzrə ixrac 3 milyard 707 milyon dollar təşkil edib.

Bu isə Azərbaycanın 5 milyard 933 milyon dollarlıq qeyri-neft ixracının 62 faizindən çoxudur.

Cəfərli hesab edir ki, qızıl ixracını bu rəqəmdən çıxardıqda Azərbaycanın həmin dövrdəki qeyri-neft ixracı cəmi 2 milyard 226 milyon dollar təşkil edir.

“Qara qızıl da, sarı qızıl da təbii resursdur”

İqtisadçı hesab edir ki, məhz bu səbəbdən ixracın “neft-qaz və qeyri-neft sektoru” formasında təsnif edilməsi düzgün yanaşma deyil.

“İllərdir publik çıxışlarımızda deyirik ki, “neft-qaz və qeyri-neft sektoru” təsnifatı yanlışdır, mənzərəni tam əks etdirmir. İqtisadiyyatda, ixracda bölgü “resurs və qeyri-resurs” sektoru olmalıdır”, – deyə Natiq Cəfərli bildirib.

Onun fikrincə, elmi baxımdan daha doğru yanaşma da məhz budur. Çünki həm neft, həm də qızıl təbii resurs hesab olunur.

“Qara qızıl da, sarı qızıl da təbii resursdur, heç bir fərqi yoxdur”, – ekspert vurğulayıb.

Azərbaycan Gürcüstandan geri qalır?

Natiq Cəfərli hesab edir ki, ixracın resurs və qeyri-resurs bölgüsü ilə aparılması Azərbaycanın real vəziyyətini daha aydın göstərir.

Onun hesablamasına görə, bu ilin ilk 7 ayında Azərbaycanın qeyri-resurs ixracı təxminən 2,2 milyard dollar olub. Müqayisə üçün, iqtisadiyyatının ixracı əsasən qeyri-resurs məhsullarından formalaşan Gürcüstan eyni dövrdə 3 milyard 870 milyon dollarlıq mal və məhsul ixrac edib. Beləliklə, Cəfərlinin hesablamasına görə, Azərbaycanın qeyri-resurs ixracı Gürcüstanın göstəricisindən təxminən 1,6 milyard dollar azdır.

Ekspert bu fərqə əhalinin və ərazinin ölçüləri baxımından da diqqət çəkir.

“Ərazimiz daha böyük, əhalimiz 2 dəfədən də artıqdır, amma real iqtisadiyyatın yaratdığı mal-məhsulların ixracında Gürcüstandan xeyli geri qalırıq”, – deyə Natiq Cəfərli bildirib.

Ekspertin fikrincə, əsas məsələ ümumi ixrac rəqəminin böyüklüyü deyil, həmin ixracın nə qədərinin təbii resurslardan, nə qədərinin isə iqtisadiyyatın digər sahələrində yaradılan məhsullardan formalaşmasıdır.

S.Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.