Paşinyandan Qarabağla bağlı sensasion açıqlama –“Pərdəni açdıq və gördük ki...”

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin qarşıdakı 5 il üçün proqramını təqdim edərkən Qarabağla bağlı əvvəlki açıqlamalarına toxunub.

Paşinyan vaxtilə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini unutmadığını bildirib. Baş nazir bildirib ki, son illərdə bu mövzuya dəfələrlə qayıdıb və artıq ona yekun qiymət vermək istəyir.

Onun sözlərinə görə, Qarabağı Ermənistan kimi görmək ideyasına sadiqlik Ermənistanın yaşlı və orta nəslinin bütün siyasi xadimlərinin siyasi “şəcərəsinə” çevrilib. Paşinyan deyib ki, məhz bu yanaşma ona və həmkarlarına “pərdəni açaraq Qarabağ hərəkatının arxasında nələrin dayandığına baxmaq” cəsarəti verib.

Ermənistan hökumətinin rəhbəri bildirib ki, ölkə 35 il ərzində Qarabağ üçün böyük resurslar ayırıb.

“35 il ərzində Ermənistan Qarabağ üçün heç nəyə heyfsilənməyib, tamamilə heç nəyə. Bizim hökumətimiz də Qarabağ üçün heç nəyə heyfsilənməyib. Hakimiyyətdə olduğumuz illər ərzində, əvvəlki dövrlə müqayisədə, Qarabağa 1 milyard dollardan çox maliyyə ayırmışıq”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, son nəticədə Ermənistan rəhbərliyi “pərdəni açmaq” və Qarabağ hərəkatının mahiyyətini görmək cəsarəti göstərib. Paşinyan bildirib ki, Qarabağ hərəkatı Ermənistanın dövlətçiliyini və gələcəyini “sıfırlamaq layihəsi” olub.

“Ermənistanı Azərbaycanda və Türkiyədə axtarmamalıyıq”

Paşinyan bildirib ki, Ermənistan öz gələcəyini ölkə hüdudlarından kənarda axtarmamalıdır. “Biz Ermənistanı təkcə Azərbaycanda deyil, Türkiyədə də axtarmamalıyıq. Ermənistanı İranda, Gürcüstanda da axtarmamalıyıq”, – deyə baş nazir bildirib.

O, bunun iki əsas səbəbini göstərib. Paşinyanın sözlərinə görə, Ermənistanı öz ölkəsindən kənarda axtardıqda Ermənistan Respublikasını, onun ehtiyaclarını və maraqlarını, həmçinin dövlət qarşısında məsuliyyət və öhdəlikləri diqqətdən kənarda qoyur.

Ermənistanın baş naziri çıxışında ölkəsinin tarixində baş vermiş faciələrə də toxunub.

Onun sözlərinə görə, erməni xalqı tarix boyu müxtəlif faciələrlə üzləşib və bunun səbəblərini tam anlamayıb.

“Tariximizin pərdəsini açmalı, onun kulislərinə və reallığına daxil olmalı və baş verənləri görməli idik. Biz tarixi dalandan çıxmalı və gələcəyin yolayrıcına çatmalı idik. Bu gün isə həmin yolayrıcındayıq və gələcək bu gündür”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.

O qeyd edib ki, yeni yolun əsas xüsusiyyəti onun sonunun olmamasıdır. “2024-cü ilə qədər içində olduğumuz əvvəlki tarix məntiqi başa çatıb. Yeni tarixin isə sonu yoxdur, yalnız biz özümüz yenidən dalana girsək, bu başqa məsələdir”, – Paşinyan deyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.