Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) su təsərrüfatında rəqəmsallaşmanı sürətləndirir. Abonent məlumatlarının dəqiqləşdirilməsi, suyun uçotunun təkmilləşdirilməsi və qəza hallarına daha operativ müdaxilənin təmin olunması üçün Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyalarına əsaslanan yeni rəqəmsal infrastruktur inkişaf etdirilir.
ADSEA-dan bildirilib ki, hazırda “İri Şəhərlərin Su Təchizatı” QSC üzrə əhali abonentlərinin 79,89 faizi, yəni 1 milyon 276 min 39 abonent CİS bazasına inteqrasiya olunub.
Qeyri-əhali abonentləri üzrə isə inteqrasiya səviyyəsi 67,41 faiz təşkil edir. Bu kateqoriyadan 80 min 241 abonentin məlumatları sistemə daxil edilib.
Su itkilərinin azaldılması hədəflənir
Agentliyin məlumatına görə, abonent bazasının CİS-ə inteqrasiyası su təchizatı və tullantı suların axıdılması sistemlərinin daha dəqiq idarə olunmasına imkan verəcək.
Yeni sistem vasitəsilə şəbəkələrə nəzarətin gücləndirilməsi, monitorinq imkanlarının genişləndirilməsi və su itkilərinin azaldılması nəzərdə tutulur.
Bununla yanaşı, CİS bazasının formalaşdırılması gələcəkdə süni intellekt həllərinin su təsərrüfatında tətbiqinə və məlumatlara əsaslanan daha operativ qərarların qəbuluna imkan yaradacaq.
Su şəbəkəsində qəzaların qeydiyyatı dəyişir
Rəqəmsallaşmanın digər istiqaməti qəza hallarının idarə edilməsidir.
ADSEA bildirir ki, su şəbəkələrində baş verən qəzaların qeydiyyatı və idarə edilməsi kağız daşıyıcılardan elektron mühitə keçirilir.
Bu məqsədlə sahədə çalışan əməkdaşların fəaliyyətinin sürətləndirilməsi üçün müasir texnoloji cihazlardan istifadə olunur.
Yeni avadanlıqlar vasitəsilə monitorinq zamanı əldə edilən məlumatların real vaxt rejimində elektron sistemə daxil edilməsi mümkün olacaq.
Beləliklə, qəza hadisəsi ilə bağlı məlumatın sistemə ötürülməsi, emalı və görülən işlərə nəzarət daha sürətli həyata keçiriləcək.
Süni intellekt və real vaxt məlumatları
ADSEA-nın həyata keçirdiyi rəqəmsal transformasiyanın əsas məqsədlərindən biri su təsərrüfatında məlumatların daha səmərəli istifadəsidir.
CİS platformasının inkişaf etdirilməsi ilə müxtəlif ərazilərdə su şəbəkələrinin vəziyyəti, abonent məlumatları və qəza halları barədə informasiyanın vahid sistemdə toplanması nəzərdə tutulur.
Bu isə gələcəkdə su itkilərinin harada və hansı səbəbdən yarandığını daha operativ müəyyənləşdirməyə, qəzalara daha tez müdaxilə etməyə və resursların daha səmərəli idarə olunmasına imkan verə bilər.
Agentlik hesab edir ki, rəqəmsal həllərin tətbiqi qəza idarəetməsini daha səmərəli etməklə yanaşı, qərarvermə prosesini də çevikləşdirəcək və nəticədə müştəri məmnuniyyətinin artırılmasına xidmət edəcək.