Azərbaycanın “Sabah” klubu ilə UEFA Çempionlar Liqasının cavab oyununa gələn İsrailin “Hapoel” klubunun azarkeşləri Bakının mərkəzində toplaşıb.
İsrail mediasının yaydığı məlumata görə, Beer-Şevadan Azərbaycana gələn azarkeşlər şəhərin mərkəzində mahnılar oxumağa başlayıblar. Bundan sonra əraziyə yerli polis əməkdaşlarının gəlib.
“Ynet” yazır ki, polis azarkeşlərin ictimai asayişi pozduğunu bildirib.
Hadisənin hansı ərazidə baş verdiyi və polis müdaxiləsinin konkret səbəbləri barədə əlavə rəsmi məlumat açıqlanmayıb.
Oyuna 600-ə yaxın israilli azarkeş gözlənilir
Bu gün Bakıda “Sabah” və “Hapoel” arasında Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu keçiriləcək.
İlk qarşılaşmada İsrail klubu 2:1 hesabı ilə qalib gəlib.
Cavab qarşılaşması Bakıda keçiriləcək və təxminən 600 israilli azarkeşin oyunu izləməsi gözlənilir.
İsrail mediasının məlumatına görə, azarkeşlər oyun günü Bakı küçələrində yürüş keçirmək niyyətindədirlər. İsrailin Azərbaycandakı səfirliyinin də oyuna gələn tərəfdarların təhlükəsizliyinin təmin olunması ilə bağlı əlavə tədbirlər gördüyü bildirilir.
Hazırda əsas diqqət oyunun təhlükəsizliyinin necə təmin olunacağına yönəlib.