Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyin böyük əhəmiyyət daşıdığını bildirib.
Azpost.info xəbər verir ki, Zelenski Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə göndərdiyi təbrik məktubuna “X” sosial şəbəkəsində cavab verib və məktubun fotosunu paylaşıb.
“Cənab Prezident, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə göndərdiyiniz səmimi təbrikə görə təşəkkür edirəm. Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyi hər zaman qəti olub və buna görə biz bunu həmişə yüksək qiymətləndirmişik”, – Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, iki ölkə uzun illər ərzində formalaşmış iqtisadi əməkdaşlığı daha da inkişaf etdirir, enerji və təhlükəsizlik sahələrində yeni imkanlar yaradır.
“Ehtiyac yarandıqda isə bir-birimizə yardım əlimizi uzadırıq”, – Zelenski vurğulayıb.
Ukrayna lideri əmin olduğunu bildirib ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq gələcəkdə daha da möhkəmlənəcək.
