Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatlarına münasibət bildirib və bu məsələyə yanaşan bəzi azərbaycanlı politoloqları sərt şəkildə tənqid edib.
Azpost.info bildirir ki, F. Zülfüqarov sosial şəbəkədəki paylaşımında Azərbaycan ictimaiyyətinin bir hissəsinin Paşinyanın son açıqlamalarına reaksiyasının onu təəccübləndirdiyini bildirib.
Sabiq nazir qeyd edib ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Ermənistan-Azərbaycan münaqişəsində əvvəlki hakimiyyətlərin siyasətini davam etdirməyə çalışıb.
Onun sözlərinə görə, Paşinyan həmin dövrdə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verib, daha sonra təmas xəttində eskalasiyaya yönəlmiş siyasət həyata keçirib.
T.Zülfüqarov Ermənistanın yeni hücum silahları, o cümlədən “İsgəndər” raket kompleksləri və “Su” qırıcıları aldığını xatırladıb. O, Ermənistanın keçmiş müdafiə nazirinin də “yeni hərbi əməliyyatlar, yeni azad edilmiş ərazilər” məzmununda bəyanat verdiyini vurğulayıb.
Sabiq xarici işlər naziri daha sonra 2020-ci il müharibəsi və baş verən hadisələri xatırladaraq Ermənistanın sonrakı siyasətinə diqqət çəkib.
Onun fikrincə, Paşinyan hökuməti üç il ərzində Xankəndidəki separatçı rejimə dəstək üçün 1 milyard dollardan çox büdcə vəsaiti, silah və resurs ayırıb.
T.Zülfüqarov hesab edir ki, Ermənistan rəhbərliyi Rusiyanın Qarabağ məsələsində Ermənistanın əvəzinə müharibə aparmayacağına əmin olduqdan sonra Fransa, İran, Hindistan və digər ölkələrlə münasibətləri inkişaf etdirməyə başlayıb.
Sabiq nazir Paşinyanın hazırkı mövqeyini də tənqid edib. “İndi isə kapitulyasiyadan 6 il sonra Paşinyan bəyan edir ki, bizim eksklavlarımızı qaytarmağa məcburdur. Özü də bunu elə siyasi mimika ilə təqdim edir ki, sanki özünə aid olanı bizə qaytarmaq yox, bizə nəyisə hədiyyə etmək istəyir”, – deyə o bildirib.
Zülfüqarov daha sonra Paşinyanın siyasətinə müsbət münasibət göstərən bəzi azərbaycanlı politoloqlara sərt mesaj göndərib. O, həmin şəxsləri “politologiyadan olan pikey jiletlər” adlandıraraq onların dinc Azərbaycan şəhərlərinə raket zərbələri endirmiş hərbi cinayətkarı tərifləməyə hazır olduqlarını yazıb.
Sabiq nazir paylaşımının sonunda Paşinyanın tərəfdarlarına müraciətlə sərt ifadə işlədib: “Hörmətsiz ‘Paşinyan fanatları’, bəlkə, yumşaq desək, bir az susasınız?”