Azərbaycanda ər-arvadın birinin banka olan borcu digərinin gəlirinə və əmlakına yönəldilə bilərmi?
Tanınmış vəkil Əkrəm Həsənov son vaxtlar bankların istifadə etdiyi yeni praktika ilə bağlı diqqətçəkən açıqlama verib. Onun sözlərinə görə, nikah dövründə əldə olunan gəlir və əmlak birgə mülkiyyət hesab edildiyindən borclunun həyat yoldaşı da müəyyən hallarda maliyyə riskləri ilə üzləşə bilər.
Vəkil bildirir ki, son dövrlərdə bəzi banklar borcun tutulması ilə bağlı tələblərini borclunun həyat yoldaşının gəlirlərinə yönəltməyə başlayıblar.
Əkrəm Həsənovun sözlərinə görə, məsələn, arvadın banka borcu ola bilər, lakin onun rəsmi gəliri yoxdur. Ərinin isə pensiyası və ya başqa gəliri mövcuddur. Belə halda bank borcun tutulması üçün icra məmuruna müraciət edə və borclunun həyat yoldaşının gəlirlərinin nəzərə alınmasını tələb edə bilər.
Vəkil qeyd edir ki, bəzi hallarda icra prosesində ər-arvadın nikah dövründə əldə etdiyi gəlirlərin və əmlakın birgə mülkiyyət hesab olunması əsas götürülür. Bu səbəbdən həyat yoldaşının pensiyasından tutulma aparılması riski yarana bilər.
Əkrəm Həsənov hesab edir ki, belə halların qarşısını almağın hüquqi yollarından biri nikah müqaviləsinin bağlanmasıdır.
Onun sözlərinə görə, ər-arvad nikah müqaviləsi vasitəsilə gəlir və əmlakın hansı tərəfə məxsus olduğunu ayrıca müəyyən edə bilər. Müqavilədə hər kəsin gəlirinin və əmlakının yalnız özünə aid olması nəzərdə tutula bilər.
Vəkil vurğulayır ki, nikah müqaviləsi yalnız evlənməzdən əvvəl deyil, nikah dövründə də bağlana bilər.
Hətta borcla bağlı tələb artıq gəlirə yönəldikdən sonra belə ər-arvadın nikah müqaviləsi bağlaması mümkündür. Əkrəm Həsənovun fikrincə, bu halda ər-arvadın əmlak münasibətləri ayrıca tənzimlənə və borcun digər tərəfin gəlirlərindən tutulmasının qarşısı alına bilər.
Vəkilin bu açıqlaması Azərbaycanda nikah müqaviləsi məsələsini yenidən gündəmə gətirib. İndiyədək daha çox boşanma zamanı əmlak bölgüsü ilə əlaqələndirilən bu sənədin bank borcları və ailənin maliyyə təhlükəsizliyi baxımından da əhəmiyyətli olduğu ortaya çıxır.
Sunay