Rusiya XİN-dən Paşinyana sərt mesaj:“Belə alyansa üzvlük...”

Trampın Qafqaz
Trampın Qafqaz

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət etmək niyyətinə sərt münasibət bildirib.

Rusiya XİN-dən verilən açıqlamada Ermənistan hakimiyyətinin Avropaya inteqrasiya kursunun uzunmüddətli perspektivdə erməni xalqının maraqlarına zidd olduğu bildirilib.

Rusiya tərəfi hesab edir ki, rəsmi İrəvanın Aİ-yə inteqrasiya ilə bağlı açıqlamalarında Avropa İttifaqının hərbiləşməsi və Moskva ilə birbaşa hərbi qarşıdurmaya hazırlıq prosesləri “pərdə arxasında” qalır.

Nazirlik həmçinin Aİ nümayəndələrinin Rusiyaya “strateji məğlubiyyət” yetirilməsinin zəruriliyi barədə açıqlamalarını və Ukraynaya davam edən hərbi-maliyyə dəstəyini xatırladıb.

“Əminik ki, belə aqressiv antirusiya alyansına üzvlük Ermənistan xalqının uzunmüddətli maraqlarına zidd olardı”, – Rusiya XİN-dən bildirilib.

Moskva İrəvanın referendum qərarını da tənqid edib

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl Ermənistan hakimiyyətinin Aİ və Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı referendum keçirmək qərarını da “açıq manipulyasiya” adlandırmışdı.

Nazirlik Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamalarını rəsmi İrəvanın “məntiqi tərsinə çevirməsinin” nümunəsi kimi qiymətləndirib.

Qeyd edək ki, Paşinyan avqustun 24-də Ermənistanın yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün müraciət etmək niyyətində olduğunu açıqlayıb.

Onun sözlərinə görə, Ermənistanın Aİ-yə inteqrasiyası üzrə yol xəritəsi hazırlandıqdan sonra ölkənin Avropa İttifaqına və Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı referendum keçiriləcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.