Xankəndi, Ağdərə və Xocalıda sakinlərə xəbərdarlıq –Ev üçün bu xərcləri dövlət ödəməyəcək

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi sakinlərin yaşayış sahələri ilə bağlı sosial şəbəkələrdə səsləndirdiyi müraciətlərə münasibət bildirib.

Nümayəndəliyin açıqlamasında qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesi çərçivəsində genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri davam etdirilir. Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin edilir və onlar yaşayış sahələri ilə təmin olunurlar.

Bildirilib ki, son dövrlər bəzi sakinlər sosial platformalarda layihələrdə nəzərdə tutulmayan əlavə tələblərlə çıxış edir, həmçinin yaşadıqları mənzillərin təmiri ilə bağlı narazılıqlarını ifadə edirlər.

Nümayəndəliyin məlumatına görə, bir ildən artıqdır mənzillərdə yaşayan bəzi sakinlər təbii aşınma və yaşayış nəticəsində yaranan cari təmir ehtiyaclarının dövlət büdcəsi hesabına qarşılanmasını istəyirlər. Bundan əlavə, əlavə tikililərin, toyuq hini, mal-qara saxlanılması üçün tövlə və digər fərdi ehtiyaclarla bağlı obyektlərin inşasının maliyyələşdirilməsi ilə bağlı müraciətlər də səsləndirilir.

Açıqlamada vurğulanıb ki, yaşayış sahəsindən uzunmüddətli istifadə nəticəsində yaranan cari təmir işləri, şəxsi təsərrüfatın yaradılması, eləcə də toyuq hini və digər yardımçı tikililərin inşası və ya təmiri üçün dövlət büdcəsində ayrıca maliyyə təminatı nəzərdə tutulmayıb.

Qeyd olunub ki, dövlət tərəfindən vətəndaşların mənzil və yaşayış şəraiti ilə təmin olunması dövlət proqramları və təsdiq edilmiş büdcə vəsaitləri çərçivəsində həyata keçirilir.

Bununla yanaşı, sakinlərə təqdim olunan yaşayış sahələrində tikinti və ya təhvil zamanı mövcud olmuş qüsurlarla bağlı əsaslandırılmış müraciətlər araşdırılır. Yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı şikayətlərə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılır.

Nümayəndəlik bildirib ki, tikililərin və digər obyektlərin vəziyyəti zərurət olduqda ayrıca texniki qiymətləndirilə bilər. Tikinti qüsuru və ya zəmanət öhdəliyi ilə bağlı problem müəyyən edilərsə, məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Açıqlamada həmçinin bir ildən çox müddət yaşayışdan sonra səsləndirilən “ev yararsızdır” kimi ümumi iddiaların konkret faktlar və texniki baxışla əsaslandırılmasının vacibliyi qeyd olunub.

Nümayəndəlik vurğulayıb ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır. Yaşayış sahəsinin təhlükəsizliyi, yararlılığı və ya tikinti qüsurları ilə bağlı əsaslandırılmış məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.