CIA rəhbəri Moskvaya niyə gizli səfər etdi? –Rusiya NATO sərhədlərini yoxlamağa hazırlaşır?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratkliffin avqustun 25-də Moskvaya gizli səfəri Qərb analitikləri və təhlükəsizlik ekspertləri arasında geniş müzakirələrə səbəb olub.

Ekspertlər hesab edirlər ki, amerikalı rəsmisinin səfəri Rusiya ilə bağlı əldə olunan narahatedici kəşfiyyat məlumatları fonunda Kremlə ciddi xəbərdarlıq xarakteri daşıya bilər. İddialara görə, Moskva yeni səfərbərliyə başlamağı və NATO-nun sərhədlərini “sınaqdan keçirməyi” planlaşdırır.

Bu barədə The Wall Street Journal yazıb.

ABŞ hökumət təyyarəsinin gizli uçuşu

Nəşrin Flightradar24 xidmətinin məlumatlarına istinadən yaydığı xəbərə görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing Globemaster hərbi-nəqliyyat təyyarəsi avqustun 25-də səhər saatlarında Riqadan Moskvanın Vnukovo hava limanına gəlib.

Təyyarə bundan əvvəl Vaşinqton yaxınlığındakı Kemp-Sprinqs ABŞ hərbi bazasından Latviya paytaxtına uçub. Təyyarə Rusiyaya endikdən bir neçə saat sonra isə yenidən geri qayıdıb.

ABŞ hökumət təyyarələrinin Avropadan Rusiyaya birbaşa uçuşları olduqca nadir hadisə hesab olunur. Sonuncu belə uçuş bu ilin yanvarında qeydə alınıb. Həmin vaxt ABŞ-ın xüsusi nümayəndələri münaqişənin nizamlanması məsələlərini müzakirə etmək üçün nümayəndə heyətini Moskvaya aparmışdılar.

Uilyam Börnsin səfəri ilə paralel

Bir sıra müşahidəçilər Ratkliffin Moskva səfərini CIA-nin keçmiş direktoru Uilyam Börnsin 2021-ci ilin noyabrında Rusiyaya etdiyi səfərlə müqayisə edirlər.

Həmin səfər Ukraynaya genişmiqyaslı müdaxilədən qısa müddət əvvəl baş tutmuşdu. O zaman Vaşinqton Rusiyanın mümkün təcavüzünün ağır nəticələri barədə Kremli açıq şəkildə xəbərdar etmiş və bunu kəşfiyyatın əldə etdiyi məxfi məlumatlara əsaslandırmışdı.

ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş direktor müavini Bet Sanner Ratkliffin səfərini Kremlə ünvanlanan sərt xəbərdarlıq kimi qiymətləndirib: “Bu, təxminən belə bir mesaj ola bilərdi: Biz sizin planlarınızdan xəbərdarıq və bunu etməsəniz yaxşıdır”.

Sannerin fikrincə, səfər Yaxın Şərqdəki vəziyyət, o cümlədən İranla atəşkəs və Moskvanın Tehranla əməkdaşlığının məhdudlaşdırılması məsələləri ilə də bağlı ola bilər.

Rusiya Avropanı və NATO-nu sınağa çəkə bilər

Amerikalı analitik Maykl Vays isə Ratkliffin səfərinin əsas məqsədinin Rusiyanı Avropa dövlətlərinə qarşı mümkün eskalasiyadan çəkindirmək olduğunu düşünür.

Onun sözlərinə görə, Vaşinqton son vaxtlar artan GRU diversiyaları və Almaniya, Rumıniya, Bolqarıstanın hava məkanında pilotsuz uçuş aparatları ilə bağlı insidentlər fonunda Polşa, Baltikyanı ölkələr və Skandinaviya dövlətləri ilə məxfi məlumatlar bölüşüb.

Vays bildirir ki, Ratkliff Donald Tramp administrasiyasında Ukraynaya münasibətdə sərt mövqeyi ilə seçilir və silah tədarükü, o cümlədən uzaqmənzilli zərbələr məsələsində aparılan müzakirələrdə iştirak edir.

Ekspert Ratkliffin Moskvaya adi əsir mübadiləsi üçün getməsi versiyasını isə inandırıcı hesab etmir. Onun fikrincə, belə bir missiya üçün CIA-nin hazırkı rəhbərinin şəxsən Moskvaya getməsinə ehtiyac olmazdı.

Səfərin ciddiliyinə dair dolayı işarələrdən biri də Vaşinqtonun ABŞ nümayəndə heyətinin təhlükəsizliyini təmin etmək üçün Ukrayna rəhbərliyindən müvəqqəti olaraq Moskva, Sankt-Peterburq və Rusiyanın şimalındakı bəzi hədəflərə zərbə endirməkdən çəkinməsini istəməsi barədə yayılan məlumatlardır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.