İşçilər niyə işdən getmir? –Alimlər səbəbini müəyyənləşdirdi

Şirkətlərdə sosial şəbəkələrdən və rəqəmsal ünsiyyət platformalarından istifadə əməkdaşların işə bağlılığını artıraraq onların işdən ayrılmasının qarşısını almağa kömək edə bilər.

Çində aparılan araşdırmanın nəticələri International Journal of Applied Systemic Studies jurnalında dərc olunub.

Tədqiqatçılar rəqəmsal ünsiyyət platformalarından istifadənin əməkdaşların işə münasibətinə və şirkətdən ayrılmaq ehtimalına necə təsir etdiyini araşdırıblar. Bunun üçün bir neçə amil arasındakı əlaqələri eyni vaxtda qiymətləndirməyə imkan verən struktur modelləşdirmə metodundan istifadə edilib.

Araşdırma göstərib ki, şirkətdə korporativ sosial şəbəkənin olması öz-özlüyündə müsbət nəticə vermir. Əsas məsələ əməkdaşların bu platformaları nə qədər rahat və faydalı hesab etməsidir.

Mütəxəssislərin qənaətinə görə, rəqəmsal platformalar nə qədər sadə və gündəlik iş üçün praktik olarsa, onların əməkdaşların işə cəlb olunmasına və şirkətdə qalmaq istəyinə təsiri də bir o qədər güclü olur.

Alimlər bildirirlər ki, belə platformalar işçilər arasında ünsiyyəti yaxşılaşdıra, bilik və məlumat mübadiləsini asanlaşdıra, əməkdaşların əldə etdikləri nəticələrin tanınmasına imkan yarada bilər. Bu isə onların həm həmkarları, həm rəhbərləri, həm də çalışdıqları təşkilatla daha sıx əlaqə qurmasına şərait yaradır.

İşə bağlılığın artması kadr axınına da birbaşa təsir göstərə bilər. Əməkdaş özünü kollektivin bir hissəsi kimi hiss etdikdə və təşkilatla əlaqəsini qoruduqda işdən ayrılmaq ehtimalı azalır.

İşəgötürənlər üçün bunun mühüm iqtisadi üstünlüyü var. Təcrübəli mütəxəssislərin şirkətdə saxlanılması yeni əməkdaşların axtarışı, işə qəbulu və öyrədilməsi ilə bağlı xərcləri azalda bilər.

Araşdırmanın nəticələri xüsusilə işgüzar ünsiyyətdə rəqəmsal platformaların geniş istifadə olunduğu Çin üçün aktual hesab edilir. Bununla belə, müəlliflər əldə olunan nəticələrin rəqəmsal kommunikasiya vasitələrini tətbiq edən digər təşkilatlar üçün də faydalı ola biləcəyini düşünürlər.

Alimlərin əsas nəticəsi belədir: korporativ sosial şəbəkəni tətbiq etmək kifayət deyil. Onun işçilərin şirkətdə qalmasına real təsir göstərməsi üçün platforma başadüşülən, rahat və gündəlik işdə nəzərəçarpacaq fayda verən olmalıdır.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.