İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 27-də keçirilməsi planlaşdırılan parlament seçkilərinə qədər İrana qabaqlayıcı zərbə endirməyi məqsədəuyğun hesab etmədiyini bildirib.
“Reuters” agentliyinin məlumatına görə, Netanyahu bununla yanaşı, İsrailə hücum ediləcəyi təqdirdə Tehrana və onun müttəfiqlərinə sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib. Hökumət başçısı bu barədə İsrailin “Army Radio” radiostansiyasına müsahibəsində danışıb.
İrana qabaqlayıcı zərbə endirilməsi ehtimalı ilə bağlı suala cavab verən Netanyahu belə bir addımın hazırkı şəraitdə İsrail üçün əlverişli olmadığını bildirib. O, eyni zamanda, seçkilər ərəfəsində hərbi toqquşmaya səbəb olmağa çalışdığı barədə siyasi rəqiblərinin ittihamlarına münasibət bildirib. “İran bizə raketlər atsa belə, məni günahlandıracaqlar”, – deyə Netanyahu vurğulayıb.
Baş nazir İsrailin hücuma məruz qalacağı təqdirdə güclü cavab zərbəsi endirəcəyini bir daha bəyan edib. Bununla belə, o, seçkilərdən sonra İrana qabaqlayıcı zərbə endirilməsi ehtimalını nəzərdən keçirib-keçirmədiyini açıqlamayıb. Netanyahu həmçinin Vaşinqtonla İran məsələsi üzrə son danışıqların təfərrüatlarını bölüşməyib.
ABŞ və İsrail fevralın 28-də İrana zərbələr endirməyə başlayıb. Bundan sonra Tehran İsrailə və Fars körfəzi ölkələrinə hücum edib. İyun ayından etibarən İsrail və İran bir-birinə birbaşa zərbələr endirməyib.
Bu fonda Netanyahu Tehranla əlaqəli silahlı qruplaşmaların da İsrailə qarşı seçkilərə qədər hücum cəhdi göstərə biləcəyini bildirib.
Yəməndəki husilərin mümkün hücumlarının dəf edilməsində Səudiyyə Ərəbistanına yardım göstərilməsi ehtimalı barədə suala cavab verən Netanyahu təfərrüatları açıqlamaqdan imtina edib.
O, yalnız İsrailin əldə etdiyi uğurlardan sonra bir çox Yaxın Şərq ölkəsinin İsrailə müraciət etdiyini qeyd edib. Son bir həftə ərzində Səudiyyə Ərəbistanı husilərin intensivləşən hücumları ilə üzləşib.
N.Talıblı