ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel Rusiya tərəfi ilə görüşmək üçün bu ölkəyə səfər edib.
Bu barədə MS NOW telekanalı mənbələrinə istinadən məlumat yayıb.
“Politico” nəşrinin məlumatına görə, Patelin səfəri oktyabrın 14-15-nə planlaşdırılıb. Onun Moskva və Sankt-Peterburq şəhərlərinə gedəcəyi gözlənilir. FTB rəhbərini Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) qəbul edəcək.
Lakin Patelin konkret olaraq kiminlə görüşəcəyi və danışıqlarda hansı məsələlərin müzakirə olunacağı hələ açıqlanmayıb. Oktyabrın 14-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səfərlə bağlı məlumatı şərh etməkdən imtina edib. O, bu cür səfərlərin adətən əvvəlcədən elan olunmadığını bildirib.
ABŞ-da səfərlə bağlı narahatlıq
Patelin Rusiyaya gözlənilən səfəri ABŞ qanunvericiləri arasında narahatlıq yaradıb. Oktyabrın 9-da Demokratlar Partiyasının nümayəndələri Ceymi Raskin və Cim Haims FTB direktorunu səfərdən imtina etməyə çağırıblar.
Onlar Rusiya kəşfiyyatının casusluq fəaliyyəti ilə bağlı risklərə və kəşfiyyat məlumatlarının mübadiləsi üçün yarana biləcək təhlükələrə diqqət çəkiblər.
FTB Rusiya və Çinlə əməkdaşlığı genişləndirir
Keş Patel daha əvvəl transmillli cinayətkarlıqla mübarizə çərçivəsində FTB-nin Rusiya və Çin hüquq-mühafizə orqanları ilə əməkdaşlığının genişləndirildiyini bildirmişdi. Bu əməkdaşlığın kiberdələduzluq və uşaqların istismarı kimi cinayətlərlə mübarizəni də əhatə etdiyi qeyd olunub.
“Reuters” avqust ayında yazıb ki, belə qarşılıqlı fəaliyyət konkret cinayət işləri üzrə birgə işi və məlumat mübadiləsini nəzərdə tutur.