Qod Nisanovun ticarət mərkəzində əməliyyat –“Zayka” və qardaşı həbs edildi

Moskvada azərbaycanlı iş adamı Qod Nisanova məxsus “Mandarin” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlardan pul tələb etməkdə şübhəli bilinən kriminal qruplaşmanın üzvləri saxlanılıb.

Gununsesi.info-nun yaydığı məlumata görə, “Zayka” ləqəbli Zaur Əliyev, onun qardaşı Azər Əliyev və daha səkkiz nəfər xüsusi əməliyyat nəticəsində həbs edilib.

Məlumata görə, əməliyyat zamanı saxlanılan şəxslərə, o cümlədən “Zayka” ləqəbli Zaur Əliyevə qarşı güc tətbiq olunub.

Bildirilir ki, qruplaşmanın üzvləri bir müddət əvvəl Moskvanın Şolkovskaya prospektində yerləşən “Mandarin” Ticarət Mərkəzinə gedərək burada fəaliyyət göstərən sahibkarlardan pul tələb ediblər.

Məlumata görə, dəstə daha əvvəl Moskvanın məşhur “Food City” bazarında fəaliyyət göstərən, Şəmkir rayonundan olan iş adamı Cəlal Məmmədovdan da pul tələb edib.

İddiaya görə, iş adamı tələbi yerinə yetirməkdən imtina etdikdən sonra evinin qarşısında ağır şəkildə döyülüb.

Qeyd edək ki, hadisə ilə bağlı məlumatlar media vasitəsilə yayılıb. Saxlanılan şəxslərin hansı ittihamlarla üzləşdiyi və istintaqın digər detalları barədə əlavə rəsmi məlumat açıqlanmayıb.

Gununsesi.info saxlanılan şəxslərdən birinin həbsdən sonrakı görüntülərini də yayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.