“Z nəsli”nin bütün nümayəndələri böyüdükdən sonra valideynlərindən asılı olaraq qalmırlar. Digər nəsillərdə olduğu kimi, onların arasında da müstəqil həyat qurmağı bacaran və məsuliyyətlərlə başa çıxmaqda çətinlik çəkən insanlar var.
“Your Tango” nəşri yazır ki, insanın mühüm həyat məsələlərini müstəqil şəkildə həll etməsi bir çox hallarda uşaqlıqda aldığı tərbiyə ilə bağlı ola bilər.
Əgər insan aşağıdakı 7 işi başqasının köməyi olmadan bacarırsa, bu, valideynlərinin onun tərbiyəsində mühüm iş gördüyünü göstərə bilər.
1. Öz haqqını müdafiə etmək
Özünü müdafiə etmək bəzən qorxulu görünə bilər. Lakin insanın öz maraqlarını qorumağı bacarması vacibdir. Əks halda başqaları bundan istifadə edə bilər. Yaxşı tərbiyə verən valideynlər uşaqlara haqsız münasibətlə barışmamağı və öz mövqelərini sakit şəkildə müdafiə etməyi öyrədirlər.
Uşaqlıqda adətən valideynlər övladını müdafiə edir. Lakin insan böyüdükcə bu məsuliyyəti özü daşımağı öyrənməlidir.
2. Həyat yolunu özü seçmək
Bəzi insanlar həyatlarının hansı istiqamətdə getdiyini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Məqsədləri olmadığı üçün özlərini motivasiya etmək də çətin olur. Xüsusilə peşə seçimi zamanı insanın öz maraqlarını və nəyə həqiqətən həvəsi olduğunu anlaması vacibdir.
Bəzən insanlar valideynlərinin yolu ilə getməyi ən təhlükəsiz seçim hesab edirlər. Valideynlərinin peşəsini seçmək mütləq müstəqilliyin olmaması demək deyil. Lakin insanın öz maraqlarını müəyyənləşdirərək seçim etməsi daha fərqli bacarıq tələb edir.
3. Pulu idarə etmək
Pul gündəlik həyatda mühüm rol oynayır. Bu, həyatın əsas məqsədinin varlanmaq olduğu anlamına gəlmir. Ancaq hər bir insan öz vəsaitindən düzgün istifadə etməyi bacarmalıdır. Maliyyə məsələlərini yaxşı idarə edən insanlar çox vaxt uşaqlıqdan pulun dəyərini öyrəniblər. Valideynlər onlara ilk dəfə işləməyi, qənaət etməyi və ya pul toplamağı öyrədə bilərlər.
Uşaqlıqdan verilən maliyyə tərbiyəsi insanın gələcəkdə maddi baxımdan daha dayanıqlı olmasına kömək edə bilər.
4. Üzr istəməyi bacarmaq
Yaxşı valideynlər uşaqlarına etdikləri səhvlərin məsuliyyətini daşımağı öyrədirlər. Uşaq başqasına qarşı səhv davranıbsa, ondan üzr istəməsi tələb olunur. Məqsəd sadəcə “üzr istəyirəm” deməyi öyrətmək deyil. Əsas məsələ insanın öz hərəkətlərinə görə məsuliyyət daşımasıdır.
Uşaqlıqda münaqişələri necə həll etməyi öyrənmək insanın böyüdükdən sonra da problemlərlə daha rahat davranmasına kömək edə bilər.
5. Məsələlərə müxtəlif tərəfdən baxmaq
Dialektik düşüncə mürəkkəb məsələləri təhlil edərkən eyni vaxtda müxtəlif baxışları nəzərə almağa imkan verir. Belə düşünən insanlar razılaşmadıqları fikri dərhal rədd etmirlər. Onlar müxtəlif məlumatların əhəmiyyət daşıya biləcəyini nəzərə alaraq hadisəyə daha geniş çərçivədən baxmağa çalışırlar.
Valideynlər uşaqlara başqalarının fikirlərinə hörmət etməyi, fərqli baxışları dinləməyi və onları öz bildikləri ilə müqayisə etməyi öyrədə bilərlər.
Bu bacarıq insanın gələcəkdə mürəkkəb problemlərə daha geniş perspektivdən yanaşmasına kömək edir.
6. Evini özü səliqəyə salmaq
Evi təmiz saxlamaq sadə bacarıq kimi görünə bilər. Amma bütün böyüklər bunu müntəzəm şəkildə etmir. Bəzi insanlar evdə dağınıqlığın yığılmasına imkan verir, bəziləri isə təmizliyi daim təxirə salır. Hətta bəzi böyüklər ev işlərini görmək üçün hələ də valideynlərinin köməyinə ehtiyac duyurlar.
Mütəxəssislərin yanaşmasına görə, uşaqlara yaşlarına uyğun ev işləri tapşırmaq onlarda məsuliyyət hissinin formalaşmasına kömək edə bilər. Belə insanlar böyüdükdə öz yaşayış məkanlarının qayğısına qalmağı başqasının üzərinə atmırlar.
7. Kitab oxumağa vaxt tapmaq
Valideynlərin uşaqları mütaliəyə həvəsləndirməsi bəzən onlarda narazılıq yarada bilər. Lakin bu, sonradan ömürlük faydalı vərdişə çevrilə bilər.
Məktəbdə uşaqların əksəriyyəti oxumalı olur. Ancaq böyüdükdən sonra bir çox insan mütaliəni dayandırır. Uşaqlıqdan məktəb proqramından kənar kitab oxumağa həvəsləndirilən insanlar isə öz maraqlarına uyğun kitablar kəşf edə və mütaliəni vərdişə çevirə bilərlər.
Məqalədə qeyd olunur ki, tədqiqatlar mütaliənin empatiya və intellektual inkişafla əlaqəli ola biləcəyini göstərir. Kitablar insanın söz ehtiyatını genişləndirir, fərqli həyat təcrübələri ilə tanış edir və dünyaya başqa insanların gözü ilə baxmaq imkanı yaradır.
Məktəbi bitirdikdən illər sonra belə kitab oxumağa vaxt ayıran insanlar öyrənməyə yalnız məcburiyyət kimi deyil, həm də zövq mənbəyi kimi yanaşmağı uşaqlıqdan mənimsəmiş ola bilərlər.
N.Talıblı