Oktyabr ayında bitkilərin böyük hissəsinin tozlanma dövrü başa çatsa da, mövsümi allergiyanın əlamətləri davam edə bilər. Buna kif göbələklərinin sporları, ev tozu gənələri və bəzi qidalarla yaranan çarpaz allergik reaksiyalar səbəb ola bilər.
Bu barədə allerqoloq-immunoloq və pulmonoloq Aleksey Bankov “Gazeta.Ru”ya danışıb.
Həkim bildirib ki, payızda havanın rütubətli olması və tökülmüş yarpaqlar kif sporlarının miqdarını əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda istilik mövsümünün başlaması və evlərin daha az havalandırılması məişət allergenləri ilə təması gücləndirir.
Allergik reaksiyaların davam etməsinə bəzi qidalarla yaranan çarpaz reaksiyalar da səbəb ola bilər. Mütəxəssis bu baxımdan yemiş, qarpız, banan, mayalı xəmir, kvas və kifli pendirləri qeyd edib.
Allergiyanın əsas əlamətləri hansılardır?
Həkimin sözlərinə görə, allergik reaksiyanın tipik əlamətləri bunlardır:
-Tutma şəklində asqırma;
-Burun tutulması;
-Şəffaf burun axıntısı;
-Gözlərdə qaşınma;
-Göz yaşarması.
Bununla yanaşı, bədən hərarətinin yüksəlməsi, boğazda güclü ağrı və ümumi halsızlıq daha çox infeksion xəstəliyin inkişafına işarə edə bilər. Lakin dəqiq diaqnozu yalnız həkim müəyyənləşdirə bilər.
Payız allergiyasından necə qorunmaq olar?
Allergenlərlə təması azaltmaq üçün ilk növbədə tozcuqların monitorinqi ilə bağlı məlumatları izləmək tövsiyə olunur.
Quru və küləkli havada açıq havada keçirilən vaxtı azaltmaq da faydalı ola bilər. Küçədən qayıtdıqdan sonra burunu duzlu məhlulla yumaq və yatmazdan əvvəl saçları yumaq allergenlərin yataq otağına daşınmasını azaltmağa kömək edə bilər.
Allergiyası olan şəxslərə paltarları açıq balkonda qurutmamaq da tövsiyə edilir. Çünki havadakı allergenlər və kif sporları nəm paltarlara yapışa bilər.
Tökülmüş yarpaqları təmizləyərkən isə maska və əlcəkdən istifadə etmək lazımdır. Allergiyası güclü olan şəxslərin bu işi başqa birinə həvalə etməsi daha məqsədəuyğundur.
Payızda allergiyanın bitki tozcuqları ilə əlaqəsi azalsa da, kif, ev tozu və bəzi qidalar allergik şikayətlərin davam etməsinə səbəb ola bilər. Buna görə simptomların səbəbini yalnız mövsümlə əlaqələndirmək düzgün deyil.
Nadir Talıblı