Bu ölkədə gəncləri hərbi xidmətə TikTok-la çağıracaqlar

Tik-Tok
Tik-Tok

Niderland Müdafiə Nazirliyi dezinformasiyaya qarşı mübarizə aparmaq və orduya yeni kadrlar cəlb etmək məqsədilə TikTok sosial şəbəkəsindən istifadə imkanını nəzərdən keçirir. Lakin bu təşəbbüsün həyata keçirilməsini hökumətin xidməti cihazlarda TikTok tətbiqinin quraşdırılmasına qoyduğu qadağa çətinləşdirir.

Bu barədə “Algemeen Dagblad” nəşri məlumat yayıb.

Niderland Müdafiə Nazirliyinin dövlət katibi Derk Bosveykin sözlərinə görə, nazirlik gənclər arasında böyük populyarlıq qazanan yeni rəqəmsal platformalardan istifadə etməkdə maraqlıdır.

Hərbi rəhbərlik, xüsusilə, birillik müqavilə bağlayan vətəndaşların dərhal Ukraynadakı döyüş bölgəsinə göndərilməsi ilə bağlı yayılan məlumatları təkzib etmək niyyətindədir. Rəsmi bildirib ki, bu cür iddialar həqiqətə uyğun deyil.

Məlumata görə, Niderland hakimiyyəti 2023-cü ildə kibercasusluqla bağlı risklər səbəbindən dövlət qulluqçularının xidməti telefonlarında TikTok-dan istifadəyə qadağa qoyub.

Hazırda platformaya giriş məsələsi müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri arasında müzakirə olunur. Onlar Amsterdam şəhər rəhbərliyinin təcrübəsini də araşdırırlar. Amsterdam bələdiyyəsi ötən ilin sonunda yeniyetmələrlə ünsiyyət qurmaq məqsədilə TikTok hesabının fəaliyyətini bərpa edib.

Məhdudiyyətlərin aradan qaldırılması qərarı verilərsə, dövlət qulluqçularına yalnız bu sosial şəbəkədə işləmək üçün ayrıca smartfon təqdim olunacaq.

Beləliklə, həmin cihazın hökumətin qorunan şəbəkələrinə çıxışı olmayacaq. Bu addımla TikTok-dan istifadə zamanı mümkün kibertəhlükəsizlik risklərinin məhdudlaşdırılması planlaşdırılır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.