Tramp İlon Maskı “ABŞ-ın milli sərvəti” elan etdi

ABŞ Prezidenti Donald Tramp “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskı ölkənin “milli sərvəti” adlandırıb.

Associated Press-in məlumatına görə, Tramp bu sözləri ABŞ-da elm və texnologiya sahəsində nailiyyətlərə görə verilən ən yüksək dövlət mükafatı – Milli Elm Medalı təqdim edilən mərasimdə deyib.

“Mən sizinlə fəxr edirik, çox fəxr edirik. Siz bizim milli sərvətimizsiniz”, – deyə Tramp mərasim zamanı Maska müraciət edib.

İlon Mask mükafata “Google”un həmtəsisçisi Sergey Brin, “Nvidia” şirkətinin baş direktoru Jensen Huang və “AMD”nin rəhbəri Lisa Su ilə birlikdə layiq görülüb.

Milli Elm Medalı elmi biliklərin və texnologiyaların inkişafına mühüm töhfə verən şəxslərə təqdim olunur.

ABŞ-ın daha iki böyük texnologiya şirkətinin rəhbəri – “Dell Technologies”in qurucusu Maykl Dell və “Microsoft”un baş direktoru Satya Nadella isə Milli Texnologiya və İnnovasiya Medalı ilə təltif ediliblər. Bu, ABŞ-da texnologiya sahəsində nailiyyətlərə görə verilən ən yüksək dövlət mükafatıdır.

Mükafatlandırma mərasimi Ağ Ev tərəfindən təşkil olunan “Elm: yeni qızıl dövr” sammiti çərçivəsində keçirilib. Sammit elmi araşdırmalar, süni intellekt və ABŞ texnologiyalarının inkişafına həsr olunub.

Bu, Donald Trampın prezidentliyi dövründə Milli Elm Medalı və Milli Texnologiya və İnnovasiya Medalının ilk dəfə təqdim edilməsi olub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.