ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmaqla bağlı təxminən altı müraciətini nəzərə almamasından sonra Rusiya ilə dizel yanacağı üzrə razılaşma əldə etmək qərarına gəlib.
Bu barədə “Axios” nəşri vəziyyətlə birbaşa tanış olan amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ukraynanın hücumlarını davam etdirməsi Trampın Rusiya Prezidenti Vladimir Putinlə Rusiya dizel yanacağının ixracı ilə bağlı tədbirlər barədə razılaşmaq qərarına təsir edən amillərdən biri olub. Vaşinqton hesab edir ki, enerji sahəsində əldə olunacaq razılaşmalar yanacağın qiymətini aşağı salmağa kömək edə və Moskvanı sülh danışıqlarında güzəştlərə getməyə sövq edə bilər.
Amerikalı rəsmi bildirib ki, Zelenski tutduğu mövqenin nəticələrini düzgün qiymətləndirmir. Onun sözlərinə görə, Rusiyanın neft emalı zavodlarına zərbələrin davam etdirilməsi Ukrayna prezidentinin son altı ay ərzində Trampla qurmağa nail olduğu etimadı sarsıdır.
Son aylarda Ukraynanın hücumları Rusiyanın neft emalı sənayesinə ciddi ziyan vurub və ölkənin enerji problemlərini dərinləşdirib. Buna cavab olaraq Moskva dizel yanacağının ixracına qadağa tətbiq edib. Bu addım İran müharibəsi səbəbindən enerji təchizatında yaranan fasilələr fonunda dünya bazarına təzyiqi artırıb.
Amerikalı rəsminin iddiasına görə, Tramp Ukraynanın zərbələrinin birtərəfli qaydada dayandırılmasına nail olmaq istəyib. O hesab edirdi ki, bu hücumlar ABŞ-da benzinin qiymətinin artmasına səbəb olur. Bununla yanaşı, Amerika prezidenti Rusiyanın neft emalı zavodlarına hücumları Moskvanın Ukraynanın enerji infrastrukturuna zərbələri ilə eyni səviyyədə qiymətləndirməyib.
Bundan əvvəl Zelenski Trampla, eləcə də onun nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə hücumları dayandırmağa hazır olduğunu bildirib. Bunun üçün Rusiya tərəfinin Ukraynanın elektrik stansiyalarına zərbələri dayandırması şərti irəli sürülüb. Lakin Vaşinqton Moskvanın addımlarından asılı olmayaraq, Ukraynanın hücumları dayandırmasını tələb edib.
Mayamidə keçirilən danışıqlar zamanı amerikalı nümayəndələr Ukrayna nümayəndə heyətinə Trampın Putinlə danışmaq və Rusiyanın dizel yanacağı ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq niyyətində olduğunu bildiriblər.
Ukraynalı rəsminin iddiasına görə, Uitkoff və Kuşner ABŞ-ın tələbləri bundan sonra da nəzərə alınmasa, Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyiblər. Amerika tərəfi isə bu iddianı təkzib edib.
Zelenski “Axios”a açıqlamasında Trampın qərarının onun üçün gözlənilməz olduğunu bildirib. Ukrayna prezidenti razılaşmanı “ədalətsiz və vicdansız” adlandırıb, həmçinin bunu Rusiya liderinə əsassız hədiyyə kimi qiymətləndirib.
Yeni böhran ABŞ administrasiyasının sülh sazişinə nail olmaq səyləri fonunda yaranıb. Bununla belə, Putin Trampla telefon danışığı zamanı Ukrayna ilə danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləməyib.
Nadir Talıblı