Sosial şəbəkələrdə bəzi vətəndaşlar fərdi hesablarında əks olunan pensiya kapitallarında dəyişikliklər müşahidə etdiklərini bildiriblər. Dövlət Sosial Müdafiə Fondu (DSMF) bunun müvəqqəti xarakter daşıdığını və narahatlığa əsas olmadığını açıqlayıb.
DSMF-in mətbuat katibi Rəşad Mehdilinin verdiyi məlumata görə, hazırda işəgötürənlər tərəfindən cari ilin III rübü üzrə sosial sığorta haqlarına dair təqdim edilmiş hesabatların elektron sistemdə emalı aparılır.
Onun sözlərinə görə, emal prosesi zamanı vətəndaşların pensiya kapitallarında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər.
Rəşad Mehdili bildirib ki, hesabatların elektron sistemdə emalı prosesinin bu gün saat 17:00-dək başa çatdırılması gözlənilir.
Texniki proses yekunlaşdıqdan sonra vətəndaşların şəxsi kabinetlərindəki məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənəcək.
Beləliklə, pensiya kapitalında hazırda müşahidə olunan dəyişikliklər hesabatların emalı prosesi ilə əlaqədardır. DSMF vətəndaşların məlumatlarının texniki proses başa çatdıqdan sonra yenilənəcəyini bildirir.