Rusiya Ukraynada sentyabrda 50 min hərbçi itirib –NATO-dan rekord rəqəm

Rusiya ordusu sentyabr ayında Ukraynada cəbhədə 50 mindən çox hərbçi itirib. Onlardan 28 mini həlak olub.

Azpost.info bildirir ki, bu barədə Bloomberg NATO-nun yüksək rütbəli hərbi rəsmisinə istinadən məlumat yayıb.

Rəsmisinin sözlərinə görə, rekord aylıq itkilər Rusiyanın hücum əməliyyatlarını davam etdirdiyi bir vaxtda qeydə alınıb. Rusiya komandanlığı hərbçiləri dronların və artilleriyanın zərbələrinə məruz qaldıqları, eləcə də minalarla üzləşdikləri “atəş zonalarına” göndərir. Əsasən müdafiə mövqeyində olan Ukrayna ordusunun isə həmin ay ərzində ölən və yaralananlarla birlikdə təxminən 5 min hərbçi itirdiyi bildirilir.

Bloomberg mənbəsinin qiymətləndirməsinə görə, beləliklə, sentyabrda Rusiyanın canlı qüvvə itkiləri Ukraynanın itkilərindən təxminən 10 dəfə çox olub.

Rusiyanın itkiləri il ərzində artıb

İlin əvvəlində Rusiyanın itkiləri ilə bağlı açıqlanan rəqəmlər daha aşağı idi. Apreldə NATO-nun baş katibi Mark Rütte Rusiya ordusunun bəzi aylarda 30–35 min hərbçisini öldürülmüş və yaralanmış şəkildə itirdiyini bildirmişdi. O, iyunda da eyni rəqəmi səsləndirmişdi. Lakin avqustun sonunda NATO baş katibinin müavini Radmila Şekerinska Rusiyanın aylıq itkilərinin 40 mini keçməyə başladığını açıqlayıb. Sentyabrda isə Mark Rütte yeni rəqəm açıqlayaraq Rusiyanın 43 min hərbçisinin öldürüldüyünü və ya yaralandığını bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da oxşar qiymətləndirmə təqdim edib. Qurumun məlumatına görə, sentyabrda Rusiya ordusunun itkiləri müharibə başlayandan bəri ən yüksək səviyyəyə çataraq 46,2 min nəfər olub.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.