Rusiya ABŞ Prezidenti Donald Trampın elan etdiyi enerji atəşkəsi təklifinə hələ razılıq verməyib.
Azpost.info bildirir ki, bu barədə Ağ Evdəki mənbəyə istinadən Axios nəşri məlumat yayıb.
“Ağ Evdəki mənbə Axios-a bildirib ki, “Ruslar bu barədə düşünürlər. Tezliklə onların buna hazır olub-olmadığını öyrənəcəyik”.
*Axios*un Ukrayna mediasına istinadən yazdığına görə, Trampın açıqlamasından cəmi bir neçə saat sonra Rusiya Ukraynadakı elektrik stansiyalarına zərbələr endirib. Ağ Evdəki mənbənin sözlərinə görə, müzakirə olunan mümkün razılaşma tərəflərin bir-birinin neft emalı zavodlarına hücumları dayandırmasını nəzərdə tutur. Mənbə bunu “neft emalı zavoduna qarşı neft emalı zavodu” prinsipi adlandırıb.
Əgər neft emalı zavodlarına zərbələr dayandırılsa, növbəti mərhələdə elektrik stansiyalarına və enerji şəbəkələrinə hücumların dayandırılması barədə razılaşma əldə oluna bilər.
Ukrayna bu razılaşmanı bərabərhüquqlu hesab etmir
Axios “neft emalı zavoduna qarşı neft emalı zavodu” prinsipini tərəflər üçün bərabər şərtlər yaratmayan sxem kimi qiymətləndirir. Nəşrin yazdığına görə, Rusiyanın geniş neft emalı zavodları şəbəkəsi var. Ukraynalı rəsminin sözlərinə görə isə Ukraynanın cəmi bir belə zavodu qalıb. Rusiya həmin zavoda dəfələrlə zərbələr endirib və müəssisə hazırda tam gücü ilə işləmir. “Biz dizel yanacağı və benzin idxal edirik. Rusiyanın enerji sistemimizə hücumları dayandırmasına ehtiyacımız var”, – deyə Ukrayna rəsmisi bildirib.
Tramp Zelenskidən narazıdır
Nəşrin məlumatına görə, Donald Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmasını istəyir. Bunun səbəbi kimi həmin hücumların ABŞ-da benzin qiymətlərinin artmasına təsir göstərməsi göstərilir.
“Tramp çox qəzəblidir. Ona elə gəlir ki, Zelenski ABŞ-ın dəstəyini adi hal kimi qəbul edir”, – deyə Ağ Evdəki mənbə *Axios*a bildirib. Nəşr, həmçinin Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfərlərini təxirə saldıqlarını xəbər verir.
N.Talıblı