“Tramp Ukraynanı kapitulyasiyaya məcbur edir”– “The Atlantic” ABŞ prezidentini sərt tənqid etdi

ABŞ prezidentinin son 72 saat ərzində atdığı addımlar Ukraynanı kapitulyasiyaya məcbur etmək cəhdi kimi görünür.

Bu barədə “The Atlantic” nəşrində dərc olunan məqalədə bildirilir.

“Son 72 saat ərzində Donald Tramp bütün şərti qaydaları kənara atıb, onilliklər ərzində formalaşmış ABŞ siyasətinin üstündən xətt çəkib və özünün bir il yarım davam edən diplomatik səylərini dəyərdən salıb.

O, Rusiyadan dizel yanacağının idxalına tətbiq edilən sanksiyaları ləğv edib. Bununla da özünün imzaladığı qanunların həm mətnini, həm də mahiyyətini pozub.

Tramp Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələr endirməkdən imtina etməsə, Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandıracağı ilə hədələyib. Əslində, o, Rusiyadan əvəzində heç nə tələb etmədən Ukraynadan ən effektiv silahından imtina etməsini istəyir. O, Rusiyanın Ukraynanın elektrik stansiyalarına və sənaye müəssisələrinə, hətta ABŞ şirkətlərinə məxsus obyektlərə hücumlarını tənqid etməyib. Rusiya bombardmanları nəticəsində yaxınlarda həlak olan ukraynalı uşaqlarla bağlı başsağlığı da verməyib.

Tramp dəfələrlə yalan danışıb. O, Ukrayna ilə Rusiyanın “enerji atəşkəsi” barədə razılığa gəldiyini bildirib. Bu açıqlama Ukrayna tərəfi üçün gözlənilməz olub. Rusiya tərəfi isə hər halda, cəmi bir neçə saat sonra Xarkovdakı elektrik stansiyasına zərbə endirməklə razılaşmanı dərhal pozub.

Tramp danışıqların pozulmasında Ukraynanı ittiham edib. Halbuki Ukrayna tərəfi dəfələrlə atəşin dayandırılmasını təklif edib, Rusiya isə nə atəşkəslə, nə də məzmunlu danışıqlarla razılaşıb”, – nəşrin məqaləsində qeyd olunur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.