Avstraliyanı fəlakətə sürükləyən 24 dovşan –bir fermerin səhvi ölkəni necə dəyişdi?

Avstraliyalı fermer Tomas Ostin (Thomas Austin) İngiltərədən göndərilən 24 dovşanı öz malikanəsinə buraxır və bununla da bütün qitədə ekoloji fəlakətin əsasını qoyur.
Tomas 1815-ci ildə İngiltərənin Somerset qraflığında orta sinfə aid ailədə anadan olub. Ailə 1831-ci ildə Avstraliyaya köçdü və qoyunçuluqla məşğul oldu. İngiltərənin toxuculuq fabriklərinə yun satışı olduqca gəlirli iş idi.
Xeyli varlanan Tomas Ostin aristokrat həyat tərzinə keçdi. O, at yarışlarında iştirak üçün təmizqanlı atlar alır və yetişdirirdi. Bir gün də 12 min hektarlıq nəhəng torpaq sahəsində – Barvon parkda ovçuluqla məşğul olmaq üçün İngiltərədən çöl dovşanı gətirməyi qərara aldı. Qardaşı Uilyam isə ancaq çöl dovşamı tapa bilmədi. Əvəzində 6 çöl dovşanı və 7 ev dovşanı göndərdi. Gəmi Avstraliyaya çatana qədər dovşanlar cütləşdilər, balaladılar və 24 ədəd oldular. Tomas Ostin onları öz mülkünə buraxdı.
Avstraliyanın yumşaq iqlimi, yemin bolluğu və dovşanları yeyən yırtıcıların çox olmaması da bu populyasiyaya xüsusi sürət verdi. Qısa müddət sonra onların sayı on minlərlə, hətta yüz minlərlə ölçülməyə başladı. Cəmi 7 il sonra, 1866-cı ildə təkcə Barvon parkda 14 mindən çox dovşan ovlandı, amma bu onların populyasiyasına ciddi təsir etmədi.
Dovşanlar Ostinin mülkündən çıxıb böyük ərazilərə yayıldılar. Tezliklə ölkədə hər il 2 milyon dovşan ovlanırdı, amma onlar yenə sürətlə çoxalırdılar. 1920-ci ildə qitədəki dovşanların sayının 10 milyarda çatdığı təxmin edilir.
Dovşanlar Avstraliyanın ot örtüyünü yeyib bitirdilər, bu da sakinlərin əsas məşğuliyyəti olan qoyunçuluğa böyük zərər vurdu. 12-16 dovşan bir qoyunun yediyi qədər ot yeyirdi. Qoyunların sayı azaldı, onlardan alınan yunun çəkisi və keyfiyyəti xeyli aşağı düşdü. Bir çox qoyunçuluq təsərrüfatları müflis oldu. Ot örtüyü məhv olan torpaqlar erroziyaya uğradı.
Avstraliya hökuməti dovşanların populyasiyasına qarşı müxtəlif üsullarla mübarizə aparırdı. Öldürülən hər dovşana görə mükafat verilirdi, Xüsusi texnika ilə yeraltı yuvaları dağıdılırdı.
Tomas Ostinin mülkü cənub-şərqi Avstraliyada yerləşirdi. Dovşanlar ətraf ərazilərə yayılanda hökumət taxılçılıq və qoyunçuluğun sahələrinin çox olduğu Qərbi Avstraliyanı dovşan ekspansiyasında qorumaq üçün 1901-1907-ci illərdə ümumi uzunluğu 3256 km olan üç hasar çəkdi. Bu tədbir ekspansiyanı sadəcə təxirə saldı. Dovşanlar hasarın altını qazıb keçirdilər (2002-ci ildə çəkilən “Rabbit-Proof Fence” (“Dovşan hasarı”) filminin süjeti başqa problemdən bəhs etsə da, adı buradan götürülüb).
Fermerlər xüsusi zəhərli yemlərdən geniş istifadə edirdilər. Zəhərli kök və ya dənli bitkilər dovşanların intensiv olduğu sahələrə səpilirdi.
Ən təsirli vasitə isə “bioloji müharibə” oldu. 1950-ci ildə Cənubi Amerikadan gətirilən bu miksomatoz virusu ağcaqanadlar və birələr vasitəsilə dovşanlar arasında yayıldı. Virus yerli Avstraliya heyvanlarına zərər vermədən yalnız dovşanları hədəf alırdı. İlkin mərhələdə yoluxan dovşanların 99,8 faizi məhv olurdu. Nəticədə sayları 90 faizə qədər azaldı. Lakin sağ qalanlarda virusa qarşı genetik immunitet yarandı.
Dovşanların sayı yenidən artmağa başlayanda hökumət 1995-1996-cı illərdə ikinci virusu — Dovşanın Hemorragik Xəstəliyi Virusunu (RHDV) dövriyyəyə buraxdı. Bu virus xüsusilə quraqlıq bölgələrdə dovşanların sayını 65-90% azaltdı.
2017-ci ildə RHDV1-K5 ştammı bütün ölkə daxilində təbiətə buraxıldı.
Hazırda Avstraliyada dovşanların sayının 200 milyon olduğu təxmin edilir. Onlarla mübarizə hibrid üsulla aparılır. Həm yeni viruslar axtarılır, həm yuvaları məhv edilir. Hətta dovşan yuvalarını tapan xüsusi itlər yetişdirilir.
Maraqlıdır ki, Avstraliyaya Tomas Ostindən daha əvvəl də, XVIII əsrin sonlarında ev dovşanları gətirilmişdi, lakin xüsusi ağır nəticələrə səbəb olmamışdı. Mütəxəssislərin fikrincə, Ostinin gətirdiyi çöl dovşanları ilə ev dovşanlarının cütləşməsi nəticəsində xüsusi hibrid növ alındı və onlar sürətlə artmağa başladılar. Avstraliya dovşanlarından götürülən DNT nümunələri onların Tomas Ostinin gətirdiklərindən törədiyini sübut edir.
Yadigar Sadıqlı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.