Rusiya Kiyevə 5 ballistik raket atdı –"Ukrayna əvvəlcədən xəbərdar edilmədi" / ZELENSKİ

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın oktyabrın 13-nə keçən gecə Kiyevə endirdiyi ballistik raket zərbəsi barədə tərəfdaşlarının ölkəni əvvəlcədən məlumatlandırmadığını bildirib.

Azpost.info xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukraynanın paytaxtına ümumilikdə beş raket atılıb və onlar mülki infrastruktura düşüb.
“Rusiya ballistik raketlərinin buraxılması ilə bağlı kəşfiyyat məlumatları insanların həyatını xilas etməyə kömək edir. Bu, ən kritik məsələlərdən biridir”, – deyə Zelenski bildirib.

O, Ukraynanın məhz hansı tərəfdaşlarından bu məlumatı gözlədiyini açıqlamayıb.

Zelenski həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın enerji atəşkəsi elan etməsindən sonrakı iki gün ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft emalı zavodlarına və ümumilikdə enerji infrastrukturuna zərbələr endirməyib.

“Lakin Rusiya ABŞ prezidentinin çağırışına əməl etmədi. Bu müddət ərzində rusiyalılar həm bizim enerji obyektlərimizə, həm də kritik infrastrukturumuza hücum etdilər. Bununla da Ukraynaya zərbələr endirməkdən çəkinmək niyyətində olmadıqlarını açıq şəkildə göstərdilər”, – deyə o vurğulayıb.

Ukrayna prezidenti əlavə edib ki, Rusiyaya birbaşa və ya dolayı dəstək verilməsi, Ukraynaya yardımın ləngidilməsi və ballistik raket hücumlarından müdafiənin çətinləşdirilməsi sülhə nail olunmasına kömək etməyəcək.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri də oktyabrın 13-nə keçən gecə gözlənilən raket hücumu barədə əvvəlcədən məlumat almadıqlarını təsdiqləyib.
“Ballistik hədəflər Kiyevə hücum zamanı bilavasitə radar vasitələri ilə aşkar edilib. Qarşı tərəfin ərazisindən raket buraxılışları barədə məlumat daxil olmayıb. Bunun səbəbləri araşdırılır”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.