Polşa hakimiyyəti Starlink peyk rabitəsi sisteminin yerüstü stansiyasında baş vermiş təxribatın arxasında Rusiyanın dayandığını bəyan edib. Polşanın müraciəti əsasında Almaniyada Türkiyə vətəndaşı olan iki nəfər həbs edilib. Onlar sentyabrın 23-də Varşavadan təxminən 40 kilometr aralıda yerləşən Volya-Krobovska kəndində Starlink infrastrukturunu qəsdən yandırmaqda ittiham olunurlar.
Azpost.info xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Polşa xüsusi xidmət orqanlarının fəaliyyətini əlaqələndirən nazir Tomaş Semonyak hadisənin arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığına şübhə etmədiklərini bildirib.
Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları getdikcə daha çox cinayət aləmi ilə əlaqəsi olan şəxslərin xidmətlərindən istifadə edirlər.
Polşanın Baş naziri Donald Tusk da X sosial şəbəkəsində hadisəyə münasibət bildirib. O, antenaların qoşulduğu elektrik paylayıcı lövhənin yanaraq məhv olduğu insidenti “hibrid müharibənin daha bir aktı” adlandırıb.
Hadisə yerində “Molotov kokteyli”nə bənzəyən, içərisində tezalışan maye olan şüşə qab aşkarlanıb.
Bu yanğın Avropa boyunca baş vermiş və Qərb rəsmilərinin Rusiyanın təşkil etdiyini düşündüyü 210-dan çox təxribat, sabotaj və zərərli fəaliyyət hadisəsindən biri hesab olunur.
Associated Press 2025-ci ilin martında hazırladığı məlumat bazasında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından həmin tarixədək Avropada bu qəbildən olan 59 hadisəni qeydə almışdı. Dekabrda isə onların sayı artıq 145-ə çatmışdı.
“Demək olar ki, hər gün təxribat törədilir”
Tomaş Semonyak çərşənbə axşamı Varşavada keçirilən təhlükəsizlik konfransında bildirib ki, Rusiya xüsusi xidmət orqanları “demək olar ki, hər gün təxribat törədirlər”.
“Bir həftə də keçmir ki, hansısa belə hadisə baş verməsin”, – deyə nazir vurğulayıb.
O qeyd edib ki, oxşar vəziyyət digər Avropa ölkələrində də müşahidə olunur. Semonyakın sözlərinə görə, təxribat xarakterli fəaliyyətlər əsasən Ukraynaya fəal dəstək verən ölkələrdə həyata keçirilir.